Neftlə bağlı proqnoz: nəticələrdən asılı olmayaraq ucuzlaşacaq

Neftlə bağlı proqnoz: nəticələrdən asılı olmayaraq ucuzlaşacaq
Noyabrın 30-da Vyanada (Avstirya) keçiriləcək Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv dövlətlərin sammitində qəbul olunacaq qərardan asılı olmayaraq dünya bazarında neft ucuzlaşacaq. 

ANN.Az xəbər verir ki, "Report"un analitik qrupu bu qənaətdədir. 

Xatırladaq ki, sözügedən sammitdə gələn il martın 31-də müddəti bitəcək OPEC+ anlaşmasının (neft hasilatının həcminin azaldılmasını nəzərdə tutur) müddətinin uzadılması və hasilatın bir qədər də azaldılması imkanları müzakirə olunacaq.

Analitik qrup bildirir ki, neftin qiymətinin 65 dollar/barelə qədər yüksəlməsi anlaşmanın ən azı 2018-ci ilin sonuna qədər, yəni əlavə 9 ay uzadılması ehtimalı ilə bağlıdır. Yəni, treyderlər  danışıqların müsbət nəticələnəcəyini neft qiymətlərinə daxil ediblər. Buna görə də, sammitdə müsbət qərar qəbul edilsə də belə, bu "qara qızıl"ı müvəqqəti bahalaşdıracaq, qısa müddətdən sonra isə qiymət yenidən azalacaq.

Əgər sammit nəticəsiz qalsa, yəni müzakirələr növbəti iclasda davam etdirilməli olsa və yaxud anlaşmanın müddəti 9 ay deyil, daha az müddətə uzadılmalı olsa, o zaman neft daha sürətlə ucuzlaşacaq.

Xatırladaq ki, 65 dollarlıq qiymət ABŞ-ın şist neft hasilatçılarının fəallaşmasına səbəb olub. Həftə ərzində bu ölkədə aktiv neft quyularının sayı 9 ədəd artıb. Hasilat isə 13 min barel/gün artaraq 9,658 mln. barel/günə çatıb və tarixi rekord qeydə alınıb. Məhz bu səbəbdən, OPEC+ anlaşmasının iştirakçısı olan ölkələrin qiymətləri bir qədər aşağı salaraq ABŞ-ı hasilatı azaltmağa sövq etmək daha real görünür. 

"Report"un analitik qrupu gələn həftədən etibarən "Brent" markalı neftin tədricən 55 dollar/barelə qədər ucuzlaşacağını proqnozlaşdırır. 

www.ann.az

Xəbər lenti