"Neftçi"də ara qarışdı: prezidentlə baş məşqçi dalaşdı

Tərlan Əhmədovun gəlişindən sonra uğursuz çıxışa son qoyan və 5 oyunda qələbə qazanan "Neftçi"də vəziyyət düzəlmir. 

ANN.Az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi ilə baş məşqçi arasında gərginlik yaranıb.

Tərlan Əhmədovun bu posta "Neftçi" rəhbərliyinin AFFA-dakı himayədarlarının istəyi ilə gəlmədiyini nəzərə alaraq, onun transfer məsələlərinə qarışmasını istəmir. Bu səbəbdən baş məşqçi ilə klub prezidenti Orxan Hüseynzadə arasında dava düşüb.

Davaya səbəb isə Tərlan Əhmədovun qış fasiləsində komandanı tərk etməsini istədiyi futbolçuların siyahısını prezidentə təqdim etməsi olub. Həmin siyahıda rəhbərliyin istəyi ilə kluba gələn futbolçuların adları olub ki, bu da Orxan Hüseynzadəni özündən çıxarıb.

Klub rəhbəri Tərlan Əhmədova bildirib ki, onun istədiyi futbolçular göndərilməyəcək və alınmayacaq. Gah büdcəni bəhanə edən, gah da başqa səbəblər göstərən Orxan Hüseynzadə baş məşqçiyə "öz işinlə məşğul ol" deyib. 

Klub prezidenti həmçinin baş məşqçinin qarşısına şərt də qoyub. Bildirib ki, Derlis Meza Kolli komandada saxlanılacaq və Tərlan Əhmədov hər oyunda ona heyətdə yer verməlidir. Halbuki, baş məşqçi paraqvaylı yarımmüdafiəçini qış fasiləsindən sonra komandada görmək istəmir.

Prezidentlə baş məşqçi arasında Elnur Cəfərova görə də narazılıq yaranıb. Qeyri-peşəkar hərəkətləri ilə diqqəti çəkən, azarkeşi "razborkaya" çağıran futbolçu Tərlan Əhmədov tərəfindən əvəzedici heyətə göndərilib. Baş məşqçi onun da qışda komandadan kənarlaşdırılmasını istəyib. Lakin Orxan Hüseynzadə AFFA-dakı himayədarlarının istəyi ilə komandaya gələn gənc futbolçunun komandada qalacağını bildirib.

Bütün bunlara qarşı Tərlan Əhmədov peşəkar məşqçi olduğunu, heyəti öz istəyi ilə quracağını bildirib. Alınmasını istədiyi futbolçuların adlarını rəhbərliyə təqdim edəcəyini və onların hansı formada transfer olunacağına qarışmayacağını bildirib. 
 


www.ann.az

Xəbər lenti