Nazirlər Kabinetinin saytında müəmmalı dəyişiklik

Nazirlər Kabinetinin saytında müəmmalı dəyişiklik
Bir müddətdir Nazirlər Kabinetinin rəsmi portalı cabmin.gov.az-da qəribə bir dəyişiklik edilib.

ANN.Az novator.az-a istinadən xəbər verir ki, saytdan "Kabinetin strukturu” və "Kabinetin tərkibi” bölmələri götürülüb.

Nazirlər Kabineti prezidentin yuxarı icra orqanıdır. Qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Hazırda Nazirlər Kabineti 35 qurumdan (18 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə) ibarətdir. Hökumətin 41 üzvü var.

Əvvəllər Nazirlər Kabinetinin rəsmi saytına daxil olaraq nazirliklərin, komitələrin, xidmətlərin və başqa mərkəzi icra hakimiyyəti qurumlarının portallarına keçid eləmək, eləcə də hökumət üzvlərinin (baş nazir, onun müavinləri, komitə, xidmət sədrləri və s.) siyahısı ilə tanış olmaq mümkün idi. Bir müddətdir Cabmin.gov.az struktura və tərkibə aid bu resursların təqdimatına son verib.

 

www.ann.az

Xəbər lenti