MTRŞ sədri sosial reklamlardan danışdı

MTRŞ sədri sosial reklamlardan danışdı
Milli Televiziya və Radio Şurası (MTRŞ) sosial reklamların telekanallarda yayımı üçün qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır.MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə eksklüziv açıqlamasında bildirib ki, sosial reklamların çəkilməsi ilə bağlı məsələ dəfələrlə qaldırılıb, müxtəlif səviyyələrdə müzakirə olunub: "Hesab edirəm ki, sosial reklam məsələsinə həm qanunvericilik baxımından, həm də praktiki baxımdan aydınlıq gətirilməlidir. Sosial reklam anlayışı çox genişdir, bunun içərisinə çox geniş sahə daxildir. Televiziya kanalları sosial reklamı pulsuz verməyə öhdəlik daşımır, çünki onlar kommersiya təşkilatlarıdır. Bu, yalnız büdcədən maliyyələşən təşkilatlara aid ola bilər. Dövlət o öhdəliyi qanunvericilikdə dəyişikliklərdən sonra üzərinə götürə bilər".N.Məhərrəmli, həmçinin bildirib ki, televiziya kanallarının əksəriyyətində reklamla bağlı pozuntular olur: "Bu pozuntular olan kimi biz onların diqqətinə çatdırırıq. Təbii ki, ciddi, kobud qanun pozuntuları olanda biz xüsusi iclasda müzakirə aparıb, xəbərdarlıq edirik. Yəni tək onunla bağlı deyil, hesab edirəm ki, sponsorlarla bağlı problemlər də qalmaqdadır. Bəzən verilişlərdə 7-8 sponsorun adı çəkilir. Onların adı çəkilənə qədər elə verilişin yarısı gedir. Bu, normal hal deyil. Əslində hər bir televiziya verilişinin 1-2 sponsoru olmalıdır. Özü də bu, o demək deyil ki, sponsoru daha çox reklam edəsən, çünki sponsor xeyriyyəçidir. Çox təəssüf ki, bizimkilər sponsorları sponsor kimi yox, reklamçı kimi göstərirlər, məhsullarını da reklam edirlər. Bu, doğru deyil, hesab edirəm ki, biz bunun üçün müəyyən ölçülər götürməliyik".İnternet televiziyalarının yayımına gəlincə, MTRŞ sədri bildirib ki, internet televiziyalarının qanunvericiliklə tənzimlənməsi məsələsi bütün dünyada problemdir: "Əgər istəsək belə, internet televiziya və radiolarını tənzimləmə mexanizmi yoxdur. Bunun özü çox çətindir. Tutaq ki, dünyanın istənilən yerində hazırlanan internet radioaya qulaq asa bilirik. Yəni Bakıda olan internet televiziyası ilə tutaq ki, İtaliyada və ya digər ölkədə olan televiziya arasında heç bir fərq yoxdur. Bu baxımdan tənzimləmə mexanizmi yoxdur. Bu mexanizm dünyada necə qəbul olunacaqsa, biz də onu tətbiq edəcəyik".ANN.Az

Xəbər lenti