Milli rəqs və musiqi festivalı təşkil olunacaq

Cəmiyyət 20-03-2017 12:30 Oxunma sayı: 92
Milli rəqs və musiqi festivalı təşkil olunacaq
Martın 21-də saat 15:00-da "Odlar yurdu” qrupunun təşkilatçılığı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 8 ölkənin iştirakı ilə "milli rəqs və musiqi” festivalı keçiriləcək.

Oxu.Az-ın redaksiyasına daxil olan press-relizdə bildirilir ki, beynəlxalq festivalda Azərbaycan, Rusiya, Türkiyə, Iran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər. İştirakçı qruplar təmsil etdikləri ölkələrin Milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.

"Milli rəqs və musiqi” festivalının təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluğu gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir. Xatırladaq ki, Novruz bayramı YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Qeyd edək ki, bu sayca təşkil olunan 3-cü "Milli rəqs və musiqi” festivalıdır. Festivalda dünyanın 8 ölkəsindən 250 yaxın iştirakçı nəzərdə tutulub.

Sonda iştirakçı qruplara Bakı şəhərinə aid maraqlı hədiyyələr və diplomlar təqdim olunacaq.
www.ann.az

Loading...