Məşhur Rotşildlər ailəsi Bakıda (FOTOLAR)

Məşhur Rotşildlər ailəsi Bakıda (FOTOLAR)
Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Tibor, Daqmar, Attikus Rotşildlər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Əlyazmalar İnstitutundan oxu.az-a verilən məlumata görə, qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər  – filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar.

Görüşdə akademik T.Kərimli qonaqlara institutun tarixi, onun Əlyazmalar Fondundan instituta çevrilməsində mərhum prezident Heydər Əliyevin göstərdiyi xidmətlər, instituta rəhbərlik etmiş şəxslər barədə ətraflı məlumat verib. Daha sonra o, institutda qorunub-saxlanan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətlərindən söhbət açıb. T.Kərimli əlyazmaşünas alimlərin dövlət qayğısı ilə əhatə olunduğunu da qonaqların diqqətə çatdırıb.

İnstitutun direktor müavini A.Əliyeva-Kəngərli isə çıxışında  institutda qorunub-saxlanılan əlyazmaların uzun illər ərzində toplandığını, alimlərin bu iş üçün ağır zəhmətə qatlaşdıqlarını, əldə olunan materialların öyrənilməsi və tədqiqinin mürəkkəb proses olduğunu vurğulayıb. O, hazırda institutda əlyazmaların elektronlaşdırıldığını və bu yolla dünyanın istənilən ölkəsində onlardan istifadənin asan olduğunu da qeyd edib.

Yaşadıqları ölkədə gəncləri bu sahəyə cəlb etməyin çətin olduğunu bildirən Barbara Rotşild isə Əlyazmalar İnstitutunda gördüyü mənzərədən, xüsusilə gənclərin həvəslə çalışmasından məmnunluğunu bildirib.

Qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca "İncil” və "Musa qoyun otarır” adlı nadir illüstrasiya ilə tanış olublar.

Sonda institutun direktoru, akademik T.Kərimli ibri əlifbasında olan bir sıra əlyazmaların elektron variantlarını qonaqlara hədiyyə edib.                

Endi Rotşild İnstitutun Xatirə kitabına öz ürək sözlərini yazıb.
 



www.ann.az

Xəbər lenti