Mərkəzi Bank faiz endiriminə gedəcəkmi?

Mərkəzi Bank faiz endiriminə gedəcəkmi?
18 sentyabr 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti toplantısı keçiriləcək.

Ann.az marja-ya istinadən xəbər verir ki, iclasda faiz dəhlizinin parametrləri növbəti dəfə müzakirə ediləcək.

Mərkəzi Bankın iclasdan sonra açıqlama yayacağı gözlənilir. Açıqlama 19 sentyabr 2017-ci il tarixində də mətbuata təqdim edilə bilər. 

Mərkəzi Bank tərəfindən izafi pul təklifinin sterilizasiyası məqsədilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar  aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu, müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizlənməsinə sterilizasiya prosesi deyilir. Depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10,1%-14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.

Əgər faiz dəhlizinin (aşağı həddi 10%, yuxarı həddi 18%) aşağı həddi aşağı salınarsa, Mərkəzi Bank depozit hərraclarında və notların yerləşdirilməsində banklardan manat kütləsini daha aşağı faizlə yığa bilər. Son hərraclar zamanı tələb təklifi üstələyir. Sadə dildə desək, banklar ildə 10,1% daha çox vəsaiti banklarda yerləşdirməkdə maraqlıdırlar. Mərkəzi Bank isə 100 milyon manatdan çox cəlb etmir. Faizin aşağı düşməsi bankların depozit hərraclarına və notlara marağını azalda bilər. Belə olan halda banklar vəsaitləri yerləşdirmək üçün başqa alətlər axtarmalı olacaqlar. Nəticədə də dövriyyədən yığılan manat kütləsi azala bilər. Adətən, faizlərin aşağı salınması milli valyutanın ucuzlaşmasına səbəb olur. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Mərkəzi Bankın İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin və  faiz dəhlizinin parametrlərini dəyişməməsini aşağıdakı şəkildə izah etmişdi. 

"Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq, hələ ki inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”.

www.ann.az

Xəbər lenti