Mehriban Əliyeva ilə qaçqın arasında səmimi söhbət (VİDEO)

Mehriban Əliyeva ilə qaçqın arasında səmimi söhbət (VİDEO)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində olub.

İnnaf Nəcəfova: Siz Şamaxıda olarkən təndir çörəyi yeməyiniz bilirsiniz mənə nə qədər ləzzət elədi.

Mehriban Əliyeva: Mənə də çox ləzzət elədi. Sağ olun.

İnnaf Nəcəfova: Mehriban xanım, inanın o elə gözəl mənzərə idi ki, onu sözlə təsvir etmək çox çətindir. Mən elə bilirəm ki, sözlər mənə azlıq edir, mən sevincimi, minnətdarlığımı elə bilirəm çox az şəkildə ifadə edirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Mən çox minnətdaram. Mən də sizə söyləmək istəyirəm ki, düz deyirsiniz, cənab Prezidentin bütün fəaliyyəti Azərbaycanın inkişafına həsr olunub. Onun üçün bu dünyada Azərbaycanın maraqlarından, Azərbaycan xalqının yaxşı yaşamasından üstün heç bir şey yoxdur. Amma bizim güc mənbəyimiz sizlərsiniz. Siz indi Şamaxıya səfərimizi yada saldınız. Belə səfərlərdə həm insanlarla ünsiyyətdə olursan, həm də o abadlığı, yeni yolları, yeni qəsəbələri, abadlaşmış turizm infrastrukturunu görürsən və başa düşürsən ki, bizim çox gözəl xalqımız var, çox bacarıqlı, istedadlı insanlarımız var. Siz öz taleyinizi danışdınız. Doğrudan da o dəhşətli hadisələrin iştirakçısı, o dəhşətli günlərin şahidi olmağınıza, sonra 20 ildən çox çətin şəraitdə, köçkün vəziyyətində, qəzalı binada yaşamağınıza, öz doğma torpağınıza, öz evinizə gedə bilməməyinizə baxmayaraq, siz ruhdan düşməmisiniz, işləmisiniz, çalışmısınız, ölkənin inkişafına töhfənizi vermisiniz, övladlar, nəvələr, nəticələr böyütmüsünüz. Bu, adamın ürəyində çox böyük hörmət və məhəbbət doğurur. Mən də sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. İnanın ki, bu gün siz nə qədər sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki görürəm ki, uzun illərdir doğrudan da əzab-əziyyət çəkən insanların yaşayış şəraiti bu gün yaxşılaşır. Yeni mərhələ başlayır. Bunu görəndə daha artıq qüvvə ilə çalışmaq istəyirəm ki, problemlər olmasın, onlar aradan qaldırılsın. Əminəm ki, biz buna nail olacağıq. Çətin vəziyyətdə yaşayan bütün qaçqın və məcburi köçkün ailələri ardıcıl olaraq belə gözəl yeni mənzillərə, yeni evlərə köçürüləcəklər. Əlbəttə ki, ən böyük arzumuz Qarabağ torpağına qayıtmaqdır. Mən bir daha deyirəm, Allahın köməyi, cənab Prezidentin müdrik siyasəti və insanların dəstəyi ilə buna da nail olacağıq.

www.ann.az

Xəbər lenti