Kaliforniyada Bakıya həsr olunmuş sərgi keçirilib - FOTOLAR

Kaliforniyada Bakıya həsr olunmuş sərgi keçirilib - FOTOLAR
ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində Nik Agelidis adlı amerikalı peşəkar fotoqrafın Bakıya həsr olunmuş sərgisi keçirilib.

ANN.Az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

San Dieqo şəhərində yaşayan N.Agelidis bu ilin mart ayında Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə Bakıda səfərdə olub, paytaxtın müasir görünüşünü və tarixi-ənənəvi irsini əks etdirən fotolar çəkib.

"Bakı San Dieqolu fotoqrafın gözü ilə” başlıqlı sərgi 8 may tarixində San Diqeonun tanınmış sənət mərkəzlərindən olan "Meyer İncəsənət” qalereyasında açılıb. Sərginin açılışında sənətsevərlər, müxtəlif sənətşünaslıq məktəblərinin müəllim və tələbələri, eləcə də San Dieqoda səfərdə olan Azərbaycan nümayəndə heyəti iştirak ediblər.

Qeyd edək ki, fotosərgi may ayının sonuna qədər San Dieqo sakinlərinin və şəhərin qonaqlarının ixtiyarında olacaq. Kolleksiyada Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, "Atəş Qüllələri” kompleksi, həmçinin, tarixi-mədəni abidələri əks olunur. Eyni zamanda, kolleksiyada Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz Bayramının Bakıda yaratdığı xoş ovqatı əks etdirən fotolara da yer verilib. Fotoqraf N.Agelidisin Bakıya səfərinin Novruz Bayramı günləri ilə üst-üstə düşməsi, fotoqrafa milli bayramımızla bağlı gözoxşayan kadrları foto-kameranın yaddaşına köçürməyə imkan verib.

Sərginin açılış mərasimində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edərək, Bakı şəhərinin əsrarəngiz gözəlliyini, rəngarəngliyini və müxtəlifliyini əks etdirən belə bir foto-sərginin keçirilməsinə görə fotoqraf N.Agelidisə, eləcə də qalereya sahiblərinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasında hələ 2011-ci ildə qardaşlaşma münasibətləri yaradılıb.
 













www.ann.az

Xəbər lenti