İran Azərbaycandan İsraildə səfirlik açmamağı tələb edir

İran Azərbaycandan İsraildə səfirlik açmamağı tələb edir
İranın dini liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

ANN.Az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Farsnews" agentliyi yayıb.

İslam ölkələrinin mətbuat nümayəndələrinin Təbrizdə keçirilən görüşündə Əl-Haşem bəyan edib ki, bəzi ölkələr Azərbaycan və İranı bir-birindən ayırmağa çalışır: "Bu səbəbdən biz Azərbaycan Respublikasını düşmənin tələsindən ehtiyatlı olmağa səsləyirik".

Dini lider qeyd edib ki, KİV iki ölkə hökumətini və xalqını bir-birinə daha da yaxınlaşdıra bilər. Bu isə ümumi mədəniyyətin inkişafına və möhkəmlənməsinə effekiv təsir edər.

"İsrail müsəlmanlar üçün qırmızı xətdir. Biz Azərbaycanı İsraillə münasibət qurma məsələsində heç bir addım atmamağa səsləyirik. Deyirlər ki, Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır. Amma bunu etməməlidir", - deyə Əl-Haşem söyləyib. Dini lider vurğulayıb ki, İran və Azərbaycan arasında siyasi və sosial münasibətlər inam üzərində qurulub. Amma düşmənlərin siyasəti narahatlıq yaradır.

Bu, İranın ali dini liderlərinin Azərbaycanı İsraillə münasibət qurmamağa ilk çağırışları deyil. Ötən ilin dekabr ayında İsrailin baş naziri Netanyahunun Bakıya rəsmi səfərində də Qərbi Azərbaycan vilayətinin dini lideri Seyid Mehdi Qoreyşi bu səfəri pisləmişdi. Ərdəbil vilayətinin dini lideri Seyid Həsən Aməli isə Azərbaycanın İranla qonşu olduğuna görə İsrailə maraq göstərdiyini bildirmişdi. Əl-Haşemin sələfi Müctəhid Şəbəstəri isə rəsmi Bakıdan Netanyahunun səfərini ləğv etməyi tələb etmişdi.
 


www.ann.az

Xəbər lenti