İlham Əliyev 25 nəfərin ölümünə səbəb olan yanğınla bağlı sərəncam imzaladı

İlham Əliyev 25 nəfərin ölümünə səbəb olan yanğınla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

2018-ci il martın 2-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 13 ünvanında yerləşən Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində yanğın baş verib, nəticədə həlak olanlar və yaralananlar var.

Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılır:

Komissiyanın sədri
Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı

Dövlət Komissiyasına tapşırılır ki, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin; hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin; yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin; Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin; Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etsin; görülmüş işlər haqqında mütəmadi məlumat versin.

Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcəklər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

www.ann.az

Xəbər lenti