Şagirdlərin nəqliyyat problemi necə həll olundu?

Mədəniyyət 12-01-2017 10:50 Oxunma sayı: 49
Şagirdlərin nəqliyyat problemi necə həll olundu?
Məktəblilər ölkənin müxtəlif yerlərində yaşayır və oxuyurlar. Ancaq unutmaq lazım deyil ki, Azərbaycanın dağ kəndlərində yaşayan uşaqlar da təhsil almaq istəyir. 

İsmayıllı rayonunun Köhnədahar kəndinin uşaqları hər gün məktəbin yerləşdiyi dörd kilometr uzaqlıqda olan Gəndob kəndinə getməyə məcburdurlar. Bu yaxınlarda turizm agentliklərindən biri onlar üçün ictimai əsaslarla mikroavtobus təşkil edib.

Havaların isti olduğu vaxtlarda uşaqlar məktəblə ev arasındakı uzun yolu nisbətən asanlıqla qət edirlər. Amma soyuqların başladığı zaman bu, böyük bir problemə çevrilir. Çünki təhsil regionun iqlim şəraitindən asılı olmayaraq keçirilir və yağış, qar bu bölgə üçün xarakterikdir.

Bəs, bu günə qədər uşaqlar üçün ictimai nəqliyyat niyə təşkil olunmayıb?

Məsələni aydınlaşdırılmaq üçün İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, lakin onlar analoji vəziyyətlə bağlı açıqlama verməyib.

İsmayıllı rayon Təhsil Şöbəsinin şöbə rəisinin müavini Rəhim Baxışov bildirib ki, hazırda bu kəndin uşaqları üçün nəqliyyat təşkil edilib: 

"Lakin mən dəqiq deyə bilmərəm ki, bu nəqliyyatı kim təşkil edib. Bunun bələdiyyə tərəfindən təşkil edilməsi də mümkündür. Mən məktəbin direktoru ilə danışdım, uşaqlar müntəzəm olaraq dərsə gəlirlər".

Gəndob kənd orta məktəbin direktoru Xuraman xanım ANN.Az-a açıqlamasında bildirib ki, həmin kənddən gələn şagirdlərin dərslərə davamiyyətində problem yoxdur: 

"Onların nəqliyyatla əlaqəli problemləri isə noyabr ayında həll olunub. Ancaq necə həll olunduğu haqqında dəqqiq bir şey deyə bilmərəm. Bəlkə də valideynlərinə maliyyə dəstəyi olaraq hər hansı fərdi şəxs və ya İsmayıllı rayon İcra Hakimiyyətindən köməklik göstərilib. Amma avtobus hər gün məktəbə uşaqları gətirir və dərsdən sonra uşaqları kəndə geri aparır".

Uşaqlara ictimai nəqliyyatın hansı qrum tərəfindən təşkil olunduğuna isə nə rayon İcra Hakimiyyətinin əməkdaşı, nə də məktəbin direktoru aydınlıq gətirə bilmədi.

Nuray Qasımzadə


Loading...