Gürcüstanın onlayn media rəhbərləri Bakıda (FOTOLAR)

Gürcüstanın onlayn media rəhbərləri Bakıda (FOTOLAR)
Gürcüstanın aparıcı onlayn media resurslarının rəhbərləri Azərbaycan KİV-ləri ilə müzakirələr aparıblar. "Report” İnformasiya Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində Gürcütsanın www.kvira.ge saytının baş redaktoru Ketevan Xositaşvili, www.pia.ge saytının baş redaktoru Dmitri Tikaradze, www.primetime.ge saytının baş redaktoru Ketevan Xatiaşvili, www.reportiori.ge saytının baş redaktoru Giorgi Mamatsaşvili, www.ipress.ge saytının baş redaktoru Tamar Lepsveridze, www.accent.com.ge saytının baş redaktoru Uça Kandelaki və www.commersant.ge saytının kommersiya direktoru Tata Dolidze ölkənin aparıcı onlayn media qurumlarında jurnalistlər üçün yaradılan şəraitlə tanış olublar, iki ölkə mediası arasındakı əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıblıar.

Əvvəlcə Gürcüstanın media kapitanları "Report” İnformasiya Agentliyini ziyarət ediblər. Agentliyin baş redaktoru Murad Əliyev qonaqları redaksiya heyəti ilə tanış edib, "Report”un xəbər siyasəti barədə danışıb. Baş redaktor bildirib ki, "Report”un fəaliyyətində agentliyin istehsal etdiyi məlumatların dəqiqliyi, etibarlılığı əsas götürülür. O, Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdəki əlaqələrlə bağlı xəbərlərə həssaslıqla yanaşıldığını vurğulayıb. 

Görüşdə qeyd olunub ki, səfərin əsas məqsədi Azərbaycanın və Gürcüstanın media nümayəndələri arasında birbaşa əlaqələr qurmaq, milli maraqlara xidmət edən məsələlərdə eyni mövqedən çıxış etmək üçün vahid platforma yaratmaq, qarşılıqlı olaraq hər iki ölkədə vacib xəbərlərin, foto-video materialların yayılmasına nail olmaqdır.

Qonaqlar redaksiyada işin təşkili ilə tanış olublar, xəbər istehsalı prosesi, multimedia kontentin yaradılması, tərcümə şöbəsinin fəaliyyəti ilə xüsusi maraqlanıblar.

Daha sonra Gürcüstanın onlayn media resurslarının rəhbərləri "APA Holding”in qonağı olub, "APA Holding”in Direktorlar Şurasının sədri, APA-nın baş direktoru Nurşən Quliyevlə görüşüblər.

Nurşən Quliyev qonşu ölkənin jurnalistlərinin Bakıya səfərindən məmnun olduğunu deyib. O, təmsil etdiyi media qurumu haqqında qonaqlara ətraflı məlumat verib, bildirib ki, "APA Holding”in bir neçə ölkədə, o cümlədən Gürcüstanda bürosu fəaliyyət göstərir.

N. Quliyev Gürcüstanın mətbuat orqanları ilə əməkdaşlığın gücləndirməyin vacibliyinə diqqət çəkib. O, Gürcüstanda baş verən hadisələrə Azərbaycan mediasının diqqətli yanaşdığını deyib, gürcü həmkarlarının diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında onların yardımçı olacaqlarına inanır.

Öz növbəsində, qonaqlar Azərbaycanın onlayn media orqanları ilə səmərəli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Daha sonra görüşdə müxtəlif mövzularla bağlı müzakirələr aparılıb. Sonda qonaqlar "APA Holding"in ofisini gəzərək, iş şəraiti ilə tanış olublar.

Azərbaycan Dövlət İnformasiya Agentliyində də (AZƏRTAC) Gürcüstanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüş olub. Agentliyin müxtəlif redaksiyalarının əməkdaşlarının iştirak etdiyi görüşdə Cənubi Qafqazda münaqişə zonaları haqqında mötəbər informasiya alınması və KİV-lərin bu prosesdə rolu barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib, hər iki ölkə üçün əlamətdar hadisələrə - müstəqillik elan edilməsinin 100 illiyinə hazırlığın gedişi məsələlərinə toxunulub.

Gürcü jurnalistlərə AZƏRTAC-ın tarixi barədə məlumat verilib. Qeyd edilib ki, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Qonaqların diqqətinə çatdırılıb ki, bu informasiya agentliyi rəsmi məlumatlarla yanaşı, 7 dildə ictimai-siyasi və iqtisadi mövzulara, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və başqa sahələrə aid etibarlı və operativ informasiya yaymaqla məşğuldur.

Gürcüstan KİV-lərinin nümayəndələri Ketevan Xositaşvili, Ketevan Xatiaşvili, Uça Kandelaki və başqaları azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını qeyd ediblər. Vurğulanıb ki, burada ortaq dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr və sair amillər mühüm rol oynayır.

Hökumət ilə vətəndaş cəmiyyəti arasında körpü kimi xidmət edən KİV-lərin mühüm rolu qeyd edilib.

Səmimi dostluq şəraitində keçən görüşdə Azərbaycanın və Gürcüstanın media strukturları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra TREND Beynəlxalq İnformasiya Agentliyində Gürcüstanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib.

Gürcüstan KİV nümayəndələrini salamlayan TREND İnformasiya Agentliyinin baş redaktoru İlahə Məmmədli onlara agentliyin fəaliyyəti, eləcə də onun məhsulları, Xəzər regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya xəbərlərinin işıqlandırılması haqqında məlumat verib.

Qonaqlar xüsusilə TREND-in informasiya mənbələri ilə, o cümlədən Gürcüstandan olan mənbələrlə iş metodu ilə maraqlanıblar. Trend.az və day.az saytlarının materiallarını böyük maraqla oxuduqlarını qeyd ediblər.

Gürcüstan media nümayəndələrinin də qeyd etdiyi kimi, bu gün dünyada, o cümlədən Gürcüstanda çap mətbuatının sürətlə populyarlığını itirməsinə baxmayaraq, geniş oxucu kütləsinə malik, Azərbaycanda ingilis dilində nəşr olunan məşhur qəzetlərdən biri "Azernews" nəşrinin təcrübəsi qonaqların diqqətini çəkib.

Görüşün yekunu olaraq TREND Beynəlxalq İnformasiya Agentliyi və Gürcüstan KİV-ləri arasında sıx əməkdaşlıq qurmaq təklif edilib.

Gürcüstanın onlayn media qurumlarının rəhbərləri həmçinin Haqqın.az və Virtualaz.org informasiya-analitik portallarının redaksiyasını ziyarət ediblər. Haqqın.az və Virtualaz.org portallarının təsisçisi Eynulla Fətullayev qonaqları salamlayıb və redaksiyanın işi barədə ətraflı məlumat verib.

Görüş zamanı həm Azərbaycan həm Gürcüstanda cəmiyyəti maraqlandıran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Rəhbəri olduğu saytın Cənubi Qafqazda hərbi münaqişələrin işıqlandırılması üzrə ixtisaslaşdığını deyən www.accent.com.ge saytının baş redaktoru Uça Kandelaki vurğulayıb ki, hər iki ölkənin ərazisində mövcud olan münaqişələr barədə müfəssəl məlumatların Azərbaycan və Gürcüstan mediasında yayılması olduqca vacib məsələdir.

Görüşdə Azərbaycan və Gürcüstanın son illərdə turizm sahəsinin inkişaf etdirildiyi xüsusi vurğulanaraq medianın bu işə töhfəsi qeyd olunub.

 







Mənbə: report.az

www.ann.az

Xəbər lenti