Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü (VİDEO)

Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü (VİDEO)
Batumidə yerləşən "Leo Grand" otelində baş vermiş yanğın binanın 4-cü mərtəbəsində başlayıb.

ANN.Az report-a istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib.

Yanğın cümə günü yerli vaxtla təqribən saat 20:00-da başlayıb. Yanğının mərkəzi spa-salon olub. Hazırda 11 nəfərin öldüyü, 21 nəfərin isə yaralandığı məlumdur.

"İlkin araşdırmalara görə, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Yanğınsöndürənlərin cəsarətli addımları nəticəsində insanları oradan çıxartmaq mümkün olub. Hazırda demək olar ki, 100 nəfər xilas edilib",- deyə Qaxariya jurnalistlərə bildirib.

Faktla bağlı cinayət işi "Əmlaka ziyan vurma" maddəsindən "İki və daha çox insanın ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması" maddəsinə dəyişdirilib. Bu maddəyə görə hadisədə günahkar olan şəxsləri 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nazir bildirib ki, günahkarlar qanunun bütün ciddiliyi ilə cəzalandırılacaqlar.

Beşulduzlu "Leo Grande" mehmanxanası Batuminin ən yaxşı otellərindən biridir. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Onun tikintisi 35 milyon dollara başa gəlib. Oteldə 182 nömrə var.

www.ann.az

Xəbər lenti