Erməni yazar aprel döyüşü ilə bağlı şok sirri açdı

Erməni yazar aprel döyüşü ilə bağlı şok sirri açdı
"Generalitet varlanır və cəmiyyətin nəzarətində olmaq ona sərf etmir. Rejimə 2018-ci ilin aprelində olacaq dəyişikliklər ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır".

ANN.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni yazar Tevos Arşakyanın "Armenianreport.com” saytında dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, Ermənistan Prezidenti Serj Sərkisyan hər dəfə kameralar qarşısında çıxışı zamanı erməni ordusundan, onun gücündən danışmağı çox sevir:

"Nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadan Sərkisyan bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Bununla da o, ordunu bəslədiyi generalların insafına verib. Əvvəlcə bu iş üçün rəhbərliyi dəstəkçisi Seyran Ohanyana, sonra isə ona sadiq olan Vigen Sərkisyana tapşırıb.

Təbii ki, nəticə özünü uzun müddət gözlətmədi. Hesablaşma zamanı keçən ilin aprelində çatdı. O zaman azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağətrafı ərazilərin geniş sahələrini tutmağı bacardı. Aprel fiaskosundan sonra hökumət müəyyən nəticələr çıxardı, Müdafiə Nazirliyindəki bir sıra hərbçi və rütbəlilərin buraxdıqları səhvə və oğurluqlara görə "kəlləsi vuruldu”. Xalqın narazılığını aşağı salmaq üçün Sərkisyan hətta Ohanyanla da ayrılmalı oldu.

Lakin erməni ordusunun vəziyyəti ilə bağlı keçən il dəhşətli həqiqətləri ortaya çıxarmağımıza baxmayaraq, biz hələ də ordunun parçalanma səviyyəsini tam anlamırdıq. Bu o demək deyil ki, bunu generallar və hökumət tərəfindən ordunun məhv olunmasını sakit şəkildə izləməyəcək peşəkar hərbçilər də anlamırdı. Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan şəxs - Vova Vardanovun bir müddət öncə "1in.am” saytına dedikləri oldu. O bildirdi ki, ordudakı ölümlərin yarısı hərbçilərin silahla ehtiyatla davranmamasının nəticəsidir. Vardanovun sözlərinə görə, aprel döyüşləri zamanı düşmən maneəsiz şəkildə böyük qrupla birgə bizim arxamıza keçməyi bacarıb. Əsl döyüşçüyə, peşəkar kəşfiyyatçıya inanmamaq üçün bizim heç bir əsasımız yoxdur. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları hiss olunur, hansı ki, düşmənin fəaliyyəti ucbatından yox, ordunu sadəcə yemləmə məkanına çevirmiş komandirlərin diqqətsizliyinə görə həlak olurlar. Nəticədə ordu bizim postların burnunun ucunda mühəndis fəaliyyəti apararaq, əraziləri minalardan təmizləyən azərbaycanlıların hücumu zamanı sadəcə yatmışdı. Axı düşmən görünməz papaqla işləmirdi. Bəs ordunun kəşfiyyatı hara baxırdı? İstehkam qüvvələri nə ilə məşğul olurdu? Nəhayət ki, hərbi əks-kəşfiyyatçılar harada idi? Belə çıxır ki, azərbaycanlılar rahatlıqla minalı əraziləri təmizləyib, bizim mövqelərimizə arxadan zərbə endiriblər, amma bizdən bunu heç kim müəyyən edə bilməyib? Böyük ehtimalla da belə olub.

Bəs nəyə görə belə olub? Ona görə ki, zabitlər yalnız varlanmaq, əsgərlər isə ordunun qarət olunduğunu görərək düşmənin mümkün hücumu haqqında yox, nə zaman tərxis olunacaqları barədə düşünürlər. Vova Vardanyan tərəfindən deyilənlər növbəti dəfə bizə göstərir ki, bizim orduda elementar özbaşınalıq hökm sürür. Situasiya dərinləşir və ictimaiyyətin ordu üzərində tam nəzarəti olmadan, o, hüquq müdafiəçiləri tərəfindən yoxlamalar üçün tam qapalı olacaq. Generalitet varlanır və ictimaiyyət tərəfindən nəzarət ona gərək deyil. Bununla belə rütbəli insanlar həm də mövcud dövlət strukturları tərəfindən olan yoxlamalardan da qorxmurlar. Yaxın zamanlarda keçən ilki kimi qaçdı-qovdu olmayacaq. Ona görə ki, rejimə 2018-ci ilin apreli ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır. Bu da o deməkdir, 2016-cı ilin aprelindən heç bir nəticə çıxarılmayıb. Düşmənin istənilən istiqamətdə müdaxiləsini görə bilərik. Bu isə müdaxilə yox, daha çox düşmənin (Azərbaycan Ordusu nəzərdə tutulur - red.) korrupsiya ilə parçalanmış ordunun arxasına təhlükəsiz gəzintisi olacaq”.

www.ann.az

Xəbər lenti