Ərdoğan: "Onların azadlığı mənim azadlığımın başladığı yerdə bitir"

Ərdoğan:
Dünən media nümayəndələrini iftar süfrəsi ətrafında bir araya toplayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son zamanlar ölkədə baş verən siyasi hadisələrə, həmçinin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçirdiyi "Ədalət" yürüşünə münasibət bildirib.

Ann.az xəbər verir ki, prezident "Ədalət" yürüşünün keçirilməsinin hökumətin bir incəliyi, bir lütfü olduğunu deyib: 

"Qanun qarşısında heç kim toxunulmaz deyil. Öz istədikləri qərarları qəbul etmədiyi üçün ədliyyə təşkilatlarına hücum etmələri ən böyük zərəri bu ölkəyə vurur. Unutmayın, ədalət yollarda deyil, ədliyyə saraylarındadır. Rəhmətlik Süleyman Dəmirəlin də dediyi kimi "Yollar gedərək aşılmaz". Əgər, şikayətiniz varsa, müraciət edəcəyiniz yer bəllidir. Siyasətdə sözü olanın fikrini ifadə edəcəyi yer yol kənarları deyil, məclis kürsüsüdür. Məhkəmə qərarına etirazın üsulları hər kəsə məlumdur. Müxalifətin ölkəni qarışdırmağının heç bir mənası yoxdur. Biz bu ölkəni güclü görmək, birlik, bərabərlik içərisində idarə etmək istəyirik. Əgər bunu anlamırsınızsa, sizin 15 iyuldakılardan fərqiniz nədir? Onların əlində "F-16"ları var idi. Vertolyotlarla, tanklarla, toplarla hücum edirdilər, siz də indi onların etdiyini edirsiz, yollarda yürüşə çıxırsız. Əgər siz də ölkənin əsas yollarını - "TEM" və "E-5"i işğal edəcəksinizsə, bu hadisə tamamilə 15 iyul hadisəsinin eynisi olacaq ki, biz buna əsla icazə verməyəcəyik. Onsuz da keçirdikləri yürüş qanuni deyil. Bunu edirlərsə, bu, hökumətin onlara bir lütfü, göstərdiyi incəlikdir".

Ərdoğan bir müddət öncə həbs olunan jurnalistlər barədə də danışıb: 

"Necə ki, siyasətçilər qanun çərçivəsində hərəkət edirlərsə, jurnalistlər də buna tabe olmalıdırlar. Qaldı ki, azadlıq sərhədsiz bir şey deyil. Azadlığın da bir həddi, bir sərhədi var. Onların azadlığı mənim azadlığımın başladığı yerdə bitir. Təbii ki, mən də sərhədsiz azadlığa sahib deyiləm. Mənim də azadlığım digər birinin azadlığının başladığı yerə qədərdir. Bəzi qərb təşkilatları həbsdəki jurnalistlər barəsində bizə iradlarını bildirirlər. Qeyd edim ki, jurnalist adı altında həbs olunanların 177-sindən sadəcə 2-si sarı mətbuat kartının sahibidir, digərləri isə terror təşkilatları ilə əlaqələri olduğu üçün həbs olunublar. Təəssüf ki, bunu dezinformasiya şəklində qərbə ötürürlər".

Prezident xəbər arxasınca qaçmaqla xəyanətin tamamilə fərqli bir şey olduğunu da bildirib:

"Mən manşetini, qələmini, qəzet səhifələrini terror təşkilatlarının ixtiyarına verənlərlə əlinə silah alıb dağa çıxanlar arsında heç bir fərq görmürəm. Terrorçularla işbirliyi etməyin, hüququ tapdalamağın, milli təhlükəsizliyi təhdid edən əməllərin əlbəttə ki, bir cəzası olmalı idi".


www.ann.az

Xəbər lenti