Energetika sahəsində islahatlar həyata keçiriləcək

Energetika sahəsində islahatlar həyata keçiriləcək
Avropa Komissiyasının Azərbaycana Energetika Sahəsində İslahatlara Dəstək Proqramı çərçivəsində ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitindən istifadə istiqamətlərində dəyişiklik edilib.

Ann.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli qərarına əsasən Maliyyə Nazirliyi 2010-2011-ci illərdə "Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirməli, layihə çərçivəsində DMİ üzrə fəaliyyət planı hazırlanmalı və  DMİ üzrə fəaliyyət planının icrası təmin edilməli idi.

Bu məqsədlə Avropa Komissiyasının ayırdığı 13 milyon avro məbləğində qrantdan 1 milyon avro sərf edilməli idi.

Tədbirlər Planının "4. Tədbirlər” bölməsinin 5-ci hissəsi aşağıdakı redaksiyada verilib:

Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi

Əsas komponentlər:

5.1. mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının hazırlanması;

5.2. elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması;

5.3. energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması;

5.4. ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə "Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması.

İslahatlar Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək.

www.ann.az

Xəbər lenti