Əmək kitabçaları tarixə qovuşur (VİDEO)

Əmək kitabçaları tarixə qovuşur (VİDEO)
Yaxın gələcəkdə əmək kitabçaları tarixə qovuşacaq.

ANN.Az.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hazırda bununla bağlı işlər sürətləndirilib. İnsanların 2006-cı ilə qədərki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi davam etdirilir. Pensiya məbləğinin təyin edilməsi üçün məlumatların elektron formada saxlanılması bu prosesdə şəffaflığı təmin etdiyindən dünyanın əksər ölkələrində əmək kitabçalarından istifadə olunmur.

2006-cı ildən sonra ilk dəfə əmək fəaliyyətinə başlayan insanların da əmək kitabçaları olsa da, onların sosial sığorta şəhadətnaməsi olduğuna görə əmək fəaliyyətləri ilə bağlı məlumatlar artıq elektron sistemdə yer alıb. Amma bu, o anlama gəlmir ki, həmin şəxslər əmək kitabçalarını tullamalıdırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Əbülfət Məhərrəmovun sözlərinə görə, əmək kitabçalarının tam ləğv edilməsini uzun müddət gözləmək lazım gəlməyəcək. Çünki əmək kitabçasındakı məlumatların elektron bazaya daxil edilməsi prosesi sürətlə davam edir. Bu işi müəssisə və təşkilatlar özləri görürlər. Əvvəllər əmək fəaliyyəti ilə məşğul olan, amma hazırda işsiz olan vətəndaşların məlumatlarının sistemə daxil edilməsi isə qaranlıq qalır. Prosesin tez yekunlaşması üçün həmin şəxslərin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət etmələri tövsiyə olunur.


www.ann.az

Xəbər lenti