Sahibkarlara 6 ay vaxt verilsin - Ekspert

İqtisadiyyat 17-02-2017 21:38 Oxunma sayı: 131
Sahibkarlara 6 ay vaxt verilsin -  Ekspert
Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaradıb. Yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. 

ANN.Az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışının nağdsızlaşdırılmasını vacib sayır: 

"Bu, dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. 

Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırır”.

Problemin həllinə gəlincə, iqtisadçı bildirib ki, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var: 

"Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxtı verilə bilər. Bu müddətdə, xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar. 

İkincisi, nağdsız hesablaşmalar ilə bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var”.

V.Bayramovun fikrincə, nəinki ucqar rayonlarda, hətta paytaxta yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədəuyğundur: 

"Dövriyyənin əhəmiyyəli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq, bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. 

Bu zaman hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var”.

İqtisadçı hesab edir ki, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var: 

"Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”.

www.ann.az

Loading...