Ədəbiyyat müəlliməsinin şair Həsən Hüseynlə bitməyən sevgi hekayəsi

Ədəbiyyat müəlliməsinin şair Həsən Hüseynlə bitməyən sevgi hekayəsi
Kapitalizimin sevgini belə reklama çevirdiyi dövrdə bütün hisslər reklam xarakteri daşıyır. Sosial şəbəkələrdə həsrətdən tutmuş qovuşmağa qədər hər şey reklama çevrilib. 

Gəlin, sizi bütün bu saxtakarlıqdan ayırıb türk şairi Həsən Hüseynin sevgi hekayəsindən danışaq. Hələ ki, gündəmin benzin iyindən başınızın ağrıdığı vaxtda bu hekayənin ağrıkəsici effekti var.

Bu hekayə böyük türk şairi Nazim Hikmətin ölümü ilə yolları kəsişən iki insanın sevgi hekayəsidir. Həmin illərdə ədəbiyyat müəlliməsinin solçu şairə aşiq olması, adi bir hadisə hesab olunmurdu. İnsanın öz sevgisinin arxasında dayanması isə kütlənin qəzəblənməsinə yetirdi. Bu mübarizələrin içində Həsən Hüseynin şeirləri kimi təmiz bir sevgi hekayəsi yarandı.

3 iyun 1963-cü il. Uşak ərazisi. Axşam saatları... 30 yaşında olan Əzimə Qarabulud, Uşak Litseyində ədəbiyyat müəlliməsi olaraq işləyirdi. Evli idi. Həyat yoldaşı Hulusi ibtidai sinifləri yoxlayan müfəttiş işləyirdi. Artıq 1 ay idi ki, işi ilə əlaqədar olaraq Eşmedəki məktəbləri yoxlamağa getmişdi.

İki uşaqları var idi: 4 yaşlı oğlu Ufuk və 2 yaşındakı qızları Barış.

Uşaqların yeməyini verib, yatızdıran Əzimə baxçaya çıxdı. Müxtəlif quşların şəklinin hörüldüyü kilimin üstündə bardaş qurub əyləşdi. Canı sıxılırdı. Səbəbini bilmədiyi bir sıxıntı idi bu. Qalxdı, quyudan su çıxarıb çiçəkləri suladı. Yuxusu gəlmirdi. Qonaq otağındakı radionu açdı, tez-tez kanalları dəyişməyə başladı. 

Birdən...

Kanalların birində belə bir xəbər:

Böyük türk şairi Nazim Hikmət öldü.

Donub qaldı. Özünə gəlməyə başlayanda, tələsik baxçaya çıxdı. O an son zamanlar tez-tez oxuduğu, qorxmazlığını Nazim Hikmətə bənzətdiyi bir şairin adı gəldi ağlına: Həsən Hüseyn.

"Bu şairi tanımalıyam"

Həsən Hüseynin adını ilk dəfə 1959-cu ildə "Dost Dergisi"nin fevralda çıxan nömrəsində "Avqust şeiri"ndə eşitmişdi.

Əzimə o gecə ay işığında Nazim Hikmətlə Həsən Hüseynin şeirlərini oxudu. Şəfəq doğmağa başlayanda canına bir qorxu düşdü. Ya Nazim kimi, Həsən Hüseyni də yox edərlərsə, ya susdurarlarsa?

Qızı Barışın səsi ilə özünə gəldi. Səhər açılmışdı. Uşaqlarla birgə səhər yeməyini yedi. Həmin gün məktəbdə dərs ilinin son imtahanları var idi. Məktəbə getdi. Dərdini danışmağa heç kimi yox idi. 

Evə qayıdanda, qərar verdi. Ankaraya gedəcək və Həsən Hüseynlə görüşəcək. Heç tanımadığı şairin əllərindən tutacaq, ona tək olmadığını deyəcəkdi.

Bir də maraq hissi var idi. Qanını isidən bu şeirləri kim yazır? Elə həmin axşam gedəcəkdi, getməli idi, sabah gec ola bilərdi.

Barışı qucağına aldı, Ufukun əlindən tutub dəmiryol vağzalına getdi. Uçacaq kimi yeriyirdi. 5 iyunun səhəri artıq Ankarda idi.

Ankara çox böyük  bir şəhərdi. O burda Həsən Hüseyni necə tapacaq? Solçu bir şairi kim tanıya bilərdi ki? Tanısa-tanısa, Türkiyə İşçi Partiyasından olanlar tanıyar.

Polisdən soruşdu: "Türkiyə İşçi Partiyasının Əsas mərkəzi harada yerləşir?" Polis yolu göstərdi.

Partiya binasının içinə girəndə çox həyacanlı idi. Saçlarının dibi, burnunun ucu tərləyirdi. Barış qucağında, Ufuk yanındaydı. Partiyaçılar bu mənzərə qarşısında təəccübləndi. Şairin harda olduğunu bilmədiklərini dedilər. 

Elə binadan çıxdığı vaxt şairin dostu Kemal Çiftlər ilə qarşılaşması, gələckdə onun həyatını büsbütün dəyişməsinə səbəb olacağından xəbərsiz idi. 

Həsən iki həftə əvvəl Ankaranı tərk edib və nə vaxt qayıdacağı məlum deyildi. Əzimə Uşaka geri döndü. 

Məktublar... Məktublar...

İyun ayının sonu; 27 iyun.

Həsən Hüseyndən məktub gəldi. "Salam, Əzimə Qarabulud"la başlayan məktub 5 səhifə idi. 

"Sənə və sənin kimi duyub düşünənlərə minlərlə salam olsun. Sizlərə layiq ola bilməmək qorxusu ilə titrədiyimi hiss edirəm. Ah, necə də yaxşısınız, necə cəsarətlisiniz..."

Əzimə təəccüblənmişdi. Həm məktuba, həm də məktubda sel kimi coşub-çağlayan sətirlərə. Həyəcandan ağladı. Oturub bir cavab məktubu yazdı. Bir də oğlu və qızı ilə çəkdirdiyi şəkli zərfə qoydu. Cavab gecikmədi.

Üstəlik o da öz şəklini göndərmişdi. Əzimə şairi ilk dəfə o şəkildə gördü. Gur saçlar, yastı təsir bağılayan burun...

Həyəcandan tirəyirdi. Cavabını gözləmədən ard-arda məktublar yazdı. Hüseyn hər məktubu maraqla gözləyirdi.

Şairin ikinci məktubu "Sevgili Əzimə" ilə başlayırdı. 

Üçüncü məktubun tarixi 1963-cü il avqustun 7-si idi. Şair məktubu gecə saat 03:00-da yazmışdı.

Məktub "Mənim Əziməm" ilə başlayırdı.

"Səni sevdim, sevirəm. Səni anlayaraq sevirəm. Bunu bu gün üçün dediyimi düşünmə. Mən bu cür sözlər deməyi xoşlamıram. Məktub yazmağı isə heç sevmirəm. Səni sevirəm, anlayırsan? Bu mənim üçün çətin etirafdı.

Sən mənim gələcəyimsən, Əzimə. Sənə Əziməm deyirəm, başa düş məni. Səni anlayaraq sevirəm, Əzimə. Üzünü görmədən. Heç kimdən sənin haqqında heç nə soruşmamışam. Səni öz sözlərindən tanıyıram, bir də göndərdiyin şəkildən...

Gecikdikmi? Yox... Bu bizim həqiqətimizdir".

"Səsini eşitməliyəm"

Şairin son məktubunu alan Əzimə, düşünmədən polis bölməsinə getdi. Telefon bircə orda idi. Sevdiyi adamın səsini eşitmək istəyirdi. 

"Akis" qəzetinin redaksiyasına zəng etdi. Həsən Hüseyn həmin qəzetdə redaktor işləyirdi. 

20 dəqiqə gözlədi ki, bağlantı yaransın. Sonunda bağlandı. Həyəcandan elə hiss edirdi ki, suyun içindədir. Qorxurdu. "Birdən səsim çıxmasa?"

Özünü ələ aldı:

Nəhayət, danışa bildikmi biz? Bu sənin səsindir? Hə, mənim, mən Hüseyn Həsən Qarxmazgilin. 

Səsin bu qədər istiydimi?

Kiçik bir qəh-qəhə səsi. O gülüş Əzimənin ağlını başından aldı. 

Amma yenə də özünü idarə etməyə çalışırdı. İllərdi şeirlərini, yazılarını oxumaq başqa, aşiq olmaq isə tamam başqaydı.

Evli idi, iki balaca uşağı var idi və 30 yaşındaydı.

Şair "Çıx gəl, uşaqlarını da götür, gəl. Yeni həyata başlayaq" deyə israr edirdi.

Pıçıltı ilə "Düşünəcəm" deyib dəstəyi yerə qoydu. Tər içindəydi. Evə gəlib, şairin şəklinə baxıb ağladı.

Həsən Hüseyni sevməklə indiyə qədər sahib olduğu bütün sevgiləri itirəcəkdimi? Əzimə bir neçə gün nə məktub yazdı, nə də zəng etdi.

Həsən isə məktub yazmağa davam edirdi. "Gəl. Gəl, birlikdə düşünək".

Əzimə uşaqlarını, həyat yoldaşını düşünürdü. Onun bu sevgisini anlaya biləcəklərmi? Əri qürurundan keçib, "Çıx get" deyə biləcəkmi? Ya analar, atalar, qohumlar... Bunlardan imtina etmək, hər şeyi yarıda buraxıb getmək asandırmı? 

Günlərlə əzab çəkdi. Dəli kimi gəzirdi. Yuxulardan diksinib, ayılırdı. Artıq dözə bilmirdi. Qərarını ailəsinə danışdı.

İbtidai sinif müəllimləri olan qardaşları Necati, Ömər, Mustafa nə baş verməsindən asılı olmayaraq, onun arxasında olduqlarını dedilər. Atası bir söz demədi. Anası isə "İnsanın başına qar da yağar, borana da düşər". Əzimə ürəkləndi.

Qaçıb sevgilisinə məktub yazdı: "Gəlirik!"

İlk qarşılaşma

1963-cü il 17 avqust.

Ankara Dəmiryolu Vağzalı.

Əzimənim ürəyi dayanacaq kimi döyünür. Analarının içindəki eşqdən xəbərsiz uşaqlar, yenidən Ankaraya gəldikləri üçün sevinirdilər. 

Qatar vağzala daxil oldu.

Əzimə həyəcandan tir-tir əsir. Şeirlə başlayıb, məktublaşma ilə davam edən sevgisinin axrxasınca gəlməyinə inanmırdı. Üstəlik, üzünü belə görməmişdi sevdiyi adamın.

Əzimə onu gördü. Boz qabarıq saçlar, gənc, enerjili üzü, arıq bədəni ilə həyacanla vaqonlara baxırdı. Əminliklə "Odur" deyə düşündü. Əlini qaldırıb salam verdi. Utanaraq bir-birinə baxırdılar. Göz-gözə gəldilər.

Vağzalın kafesində oturdular. Uşaqlar öz aləmlərinədə oynamaqla məşğul idilər. Səssizliyi Əzimə pozdu:

"Tək yaşayırsan"

Həsən Hüseyn güldü: "Ara-sıra hollandiyalı bir qızla..."

Əzimənin kefi pozuldu. Şair əlavə etdi: "Əşi, çilli bir qızdı"

Gün boyu Ankaranı gəzərək, söhbət etdilər. 

Bir yerdə otelə getdilər. Uşaqlar yatdı, amma onlar otelin lobbisində səhərə qədər söhbət etdilər. Əzimə ərindən ayrılmadığı üçün, Hüseynin əlini belə tutmadı. 

Evlənirlər

Bir neçə gündən sonra Uşaka geri döndü. Məktəbdəki işinə davam etdi. Bu zamanda çətinliklə ərindən boşandı. 

Sadəcə evində deyil, Uşakda da problemlər yarandı. Ədəbiyyat müəlliminin solçu şairə aşiq olması xalqı qəzəbləndirdi. O sevgisinin arxasında əzmlə dayandı. Uşakta problemlərlə mübarizə apardığı vaxtda, 1964-cü il iyunun 10-da uzun zamandan bəri gözlədiyi evlilik təklifini aldı. Axşam qatarla Ankaraya getdi. 

11 iyun "Altındağ Evlendirme Memurluğu"nda evləndilər. Toyda Hüseynin 5 dostu iştirak edirdi. Əzimə uşaqları ilə birlikdə Ankaraya köçdü. 1 il sonra Temmuz adlı oğlanları dünyaya gəldi.

Birlikdə təmiz və xoşbəxt bir həyat yaşadılar.

Lalə Niftaliyeva

www.ann.az

Xəbər lenti