E-kitab - Şərif Ağayar: İtmiş dünyanın balladası

E-kitab - Şərif Ağayar: İtmiş dünyanın balladası
Hekayə
 

Əhməd kişi saqqallı üzünü üzümə yaxınlaşdırıb əlindəki əsanın ucuyla qatı qaranlığın qurşun keçməz dərinliklərini göstərdi: "Baaax, görürsən?”. Gözümü qıyıb nə qədər diqqətlə baxsam da heç nə görə bilmədim.
 
"Sən çox uzağa baxırsan, ona görə görmürsən” - başını buladı – "Burdan-bura qəsəbənin işıqlarını görmürsən” – azca duruxub əlavə etdi – "Həm qaranlıqdı, həm də duman. Üstəlik yağış çiləyir. Bu, çox sırtıq yağışdı, səhərəcən tökəcək.”
 
"Bir şey olmaz!” - əynimdəki plaşa, ayağımdakı rezin sapoka və əlimdəki ağaca baxıb əminliklə dilləndim. Əhməd kişinin hövsələsi daraldı: "Bismilahirrəhmanirrərim! Sən görmürsən axı o işıqları, hara gedəcəksən? Hər yan düzəngahdı. Bir daş, bir qaya, bir təpə yoxdu ki, baxasan, tanıyasan. Buranın otları, kolları da eynidir. Burda itlər də azır. Təsəvvür edirsən? Hətta vəhşi heyvanlar da. O gün bir tülkü azıb düz obanın içinə gəlmişdi, itlər tutub didişdirdi.” 
 
Dinmədim. Əhməd kişi israrlı olduğumu görüb şövqlə parıldayan gözlərini üzümdə gəzdirdi, əlindəki əsanı təkrar qatı, qara məhlula bənzəyən qaranlığa uzatdı. Mən onda fərq elədim ki, nəinki onun göstərdiyi işıqları, heç əsasının ucunu da görmürəm. "Barmaq gözə soxsan görünməz” ifadəsi yəqin belə gecələr üçün deyilmişdi.
 
Getməliydim. Başqa cür mümkün deyildi. Amma niyə getməliydim, bax, bunu bilmirdim. Bildiyim bircə o idi ki, Əhməd kişigildən yola düşüb işıqları görünməyən qəsəbəyə getməsəm olmaz. Hər şeyi anlayırdım; gecədir, zil qaranlıqdır, hava dumanlıdır, yağış çisələyir, yer palçıqdır və mən bu palçığı yoğura-yoğura qəsəbəyə getməliyəm. Hardan gəlmişdim, Əhməd kişigilin obasında nə gəzirdim, qəsəbəyə niyə getməliydim – bunu bilmək vacib deyildi. Heç qəsəbədə başıma nə gələcəyini də düşünmürdüm. Getməliydim, vəssalam!
 
"Burdan daş yola xeyli var, gərək istiqaməti düz götürəsən” – Əhməd kişi son tövsiyələrini verirdi – "Çalış səmti itirməyəsən. Azsan, geri qayıdıb daş yola çıx, çağıra-çağıra aşağı-yuxarı get, mən sərvaxt olacam. Hə, bir də itlərin hürüşməsinə fikir ver. Nağıllardan eşitmisən də, işıqgələn, ithürən...”
 
Onun məni uşaq yerinə qoymasıyla razılaşmadığımı bildirmək üçün yüngülcə qımışdım. Amma deyəsən üzümü görmədi. Axırıncı dəfə əsasını qaranlığa uzadanda işıqları sezdim. Uzaq ulduzlar kimi yanıb sönürdülər.
 
"Gördüm!” – sevinclə dedim.
 
"Allaha şükür!” – o də sevindi və mənimlə sağollaşdı.
 
Üzü işığa tərəf irəlilədim. Palçıq ayağıma suvanır, yeriməyimə mane olurdu. Yüz addım getməmiş tərlədim. Plaşın yaxasını açıb papağını endirdim, üzümə vuran soyuq yağış damlacıqları ruhuma dinclik gətirdi və mənə güc verdi. Əlimdəki ağacdan da qüvvət alırdım.     
 
Daş yola çatanda işıqlar xeyli aydınlaşmışdı. Elə bil üstündəki buğu əskiylə silmişdilər. Sevinclə parıldaşan, oynaşan işıqlar uzaqdan sönmüş ocaq yerinə bənzəyirdi. Mənə qaş-göz atırdılar. Arada eşitdiyim it səsləri oynaşıb-parıldaşan işıqlara akkord tuturdu. Daş yolu aşanda yağış gücləndi, plaşın papağını başıma keçirdim. Artıq heç nədən narahatlığım qalmamışdı. İşıqlara da baxmırdım. Plaşın papağından yağmurun adama rahatlıq verən səsini dinləyə-dinləyə addımlarımla bu səs arasındakı ahəngi tutmağa çalışdım. İki səsin kəsişdiyi, amma heç cür biri-birinə qarışmadığı məqama uyğun nəsə tapmaq üçün xeyli mızıldandım da. Alınmadı. Yağışla addımlarım bir-birinə dəxli olmayan iki fərqli hərəkət, iki fərqli səs idi. Sanki başqa-başqa dünyalardan gəlirdi.
 
Birdən, qəfil işıqlar söndü. İtlərin səsi batdı. Yağış dayandı.
 
Dünya elə söndü ki, Tanrıdan başqa hiss eləməyə bir şey qalmadı. Hətta özümün var olub-olmadığımı yoxlamaq üçün bədənimə, üzümə toxundum. Bu an Tanrıdan, məndən və ayağımın altındakı yerdən başqa bir şey də vardı bu dünyada. O da içimdə indicə doğmuş dəhşətli vahimə idi! Qorxdum, bəli. Birdən-birə dünyaya qarışıb itdiyimi düşündüm. Çevrilib gəldiyim tərəfə baxdım: qaranlıq. Qəsəbəyə sarı döndüm: yenə qaranlıq. Sağ – qaranlıq, sol – qaranlıq, yer – qaranlıq, göy – qaranlıq. Bu qaranlıq beynimin içinə də, özümün içimə də dolmuşdu. İşıqları, itləri anladıq, bəs yağış hara qeyb olmuşdu? Axı bu dəqiqə onun hənirinə hava-sudan betər ehtiyacım vardı. Geri dönüm bəlkə? İstiqaməti tutub eləcə irəli gedim? Nə edim, ilahi? Yoxsa addımlarımla yağış arasındakı ahəngi tapmadığım üçün cəzalandırdın məni?               
 
Bir anlıq ayaq saxladım. Sağı-solu, irəlini-arxanı dinşədim. Elə bir qatı zülmətin içində idim ki, yarıb keçə bilməyəcəkdim. Bayaqkı işıqlar bu qatılığı, gecənin bu mərmər möhkəmliyini yırtıb mənə yol verirdi. İndi o yol birdəfəlik bağlanmış, məni dəhşətli zülmətin içində itirmişdi.   
 
Dünya sönmüşdü. Səsiylə, görüntüsüylə, qoxusuyla, dad-tamıyla birlikdə. Arada ağır sapoklarımı çırpa-çırpa yerin ayağımın altında olub-olmadığını yoxladım. Yer yerindəydi və bu mənə inanılmaz ümid verirdi. Demək, zülmətə qarışıb yox olmamışdım. İnşallah bir azdan səs də eşidər, yağış da duyardım. Birdən yadıma düşdü ki, heç olmasa danışıb öz səsimi eşidim. "A”, "U” eləyəndə səsim özümə dəhşətli dərəcədə yad gəldi. Özümün özüm olduğuma şübhə eləməyə başladım. Axı mən kim idim, hardan gəlirdim, hara gedirdim? Əhməd kişi kim idi? Ona niyə inanmışdım? İşıqlarını itirdiyim qəsəbə hara idi? Gecənin bu vədəsi, zülmət qaranlığın, qatı dumanın içiylə, üstdən yağa-yağa, palçığı yoğura-yoğura ora nəyə gedirdim?
 
Sualların doğrudan da heç bir mənası yox idi. Bircə gerçəklik vardı – mən azmışdım və azmağıma baxmayaraq inamla harasa addımlayırdım. Bu an bircə it səsinə bəlkə bütün həyatımı verərdim. Bu saat bircə it hürüşü məni dünyaya, təbiətə, tanrıya bağlaya bilərdi. Yaşadığımı, var olduğumu xatırladardı mənə.
 
Qaranlığın vahiməsindən oxumağa başladım. Nəğmələrlə ovundum xeyli, özümü rahatca hər şeyin yaxşı olacağına inandırdım.
 
Dünya itmişdi...
 
Dünya yaman itmişdi...
 
Dünyanın nə özü görünür, nə həniri gəlir, nə də istisi-soyuğu, qurusu-yaşı hiss olunurdu. Və mən dünyanı nə qədər çox sevdiyimi onun olmadığı bu anlarda bütün dərinliyi ilə dərk edirdim.
 
Mən də sönəcəkdim az qala. Sönüb bayaqkı işıqlar kimi yerimdə daha qatı, daha tünd qaranlıq buraxacaqdım. Onsuz da heç görmürdüm özümü. Barmağımı gözümə soxurdum da görmürdüm!
 
Qəfil qarşımda çox zəif bir işıq sezildi. Yerimdə dəli kimi vurnuxub dayandım və güclə sezilən işığı baxışlarımla yaxalayıb itməyə qoymadım. Gözlərim yaşardı. Həm ağrıdan yaşardı, həm sevincdən. Dünyanın qəfil sönməsindən elə qorxmuşdum ki, nə olur-olsun o işığı itirməzdim. Baxışlarımla yaxalayıb varlığına əmin olandan sonra işığa tərəf qaçmağa başladım. Elə bərkdən, elə həyəcanla ki, bir dəfə üzüqoylu yıxıldım da! Dizlərimin, ovcumun içinin sərt kollara sürtünüb göynəməsinə sevindim xeyli. İndi məni dünyaya təkcə bu xəfif işıq deyil, ovcumdakı və dizlərimdəki ağrı da bağlayırdı. İndi içimdəki vahimədən başqa sığınmağa bir işığım, bir ağrım da vardı. Əvəzində bayaqdan mənə dayaq olan, qüvvət verən ağacımı itirdim. Amma eybi yoxdur. Dünya yavaş-yavaş geri dönür, kainat yavaş-yavaş sahmana düşürdü.
 
Balaca bir daxmanın balaca bir pəncərəsindən gəlirdi bu işıq. Gəlmirdi əslində, gecənin qatı qaranlığına bal şirinliyi ilə süzülürdü. İndi bütün kainat bu balaca daxmanın bu balaca pəncərəsindən baxırdı mənə - mən də bu pəncərədən bütün kainata baxırdım.  
 
Daxmanın qapısını ərklə itələdim. Döymədən. Elə bil öz evimdi. Əslində elə belə idi. Dünya geri qayıdandan sonra ilk gördüyüm ev bu idi. Kainat vardı, tanrı vardı, bu ev vardı, bir də mən vardım. Ona görə belə doğma idi. Daxma əsl sahibinə mənim qədər doğma gələ bilməzdi. Yəqin ki, daxmanın əsl sahibi onu tanrıyla kainatın məqamında düşünməmişdi heç vaxt. Bunun üçün o da dünyanı itirib təzədən bu daxmayla, bu daxmanın bu balaca pəncərəsiylə, bu balaca pəncərənin bu xəfif işığıyla tapmalı idi.
 
Daxmanın içində, solğun, ağımtıl işığın ortasında uzun sifətli bir kişi bardaş qurub oturmuş, əlini əlinin içinə qoymuşdu. Şam-çıraq gözə dəymirdi. Onu görən kimi mənə elə gəldi ki, işıq şamdan, çıraqdan deyil bu adamın özündən gəlir.
 
"Axşamınız xeyir.”
 
"Axşamınız xeyir” – mehriban səslə dilləndi.
 
"Mən qəsəbəyə çatmışam?”
 
"Qəsəbə haradır?” – adam soyuq-soyuq üzümə baxdı.
 
"Əhməd kişigilin obasından gəlirəm.”
 
"Əhməd kişi kimdir?” – oturmağım üçün qarşısındakı döşəkçəyə işarə edib soruşdu.
 
Deyəsən, o, bizim dildə yox, bilmədiyim hansısa başqa bir dildə danışırdı, ancaq mən onu rahatca başa düşürdüm. Əslində, danışmırdı. Mən də nəsə soruşmurdum. Heç mənə baxmırdı da. Gözləri yarıaçıq üzü divara dayanmışdı. Ondan gələn işıq haləsinin içinə düşmüşdüm deyə, məni baxmadan görür, qulaq asmadan eşidir, dinləmədən anlayırdı. Mən də onu rahatca başa düşürdüm. Xoşbəxt idim. İtmiş dünyanı tapmağın rahatlığı içində xoş bir xəyal kimi üzürdüm.

Kulis.az

www.ann.az

Xəbər lenti