E-kitab: Gi de Mopassan: “Biclik”

E-kitab: Gi de Mopassan: “Biclik”
 
HEKAYƏ

Qoca həkim zalda buxarının yanında oturub divanda uzanan xəstəylə söhbət edirdi. Əslində bu qadında ciddi bir xəstəlik yox idi. Sadəcə, o da başqa gözəl qadınlar kimi ən adı şeydən hirslənir, hər xırda şeyi özünə dərd edirdi.
 
- Yox, həkim, - qadın ona dedi.- Mən heç vaxt ərini aldadan qadını başa düşə bilmərəm. Əgər o ərini sevməsə də özünü başqa bir kişinin ixtiyarına verməli deyil. Ərinə xəyanət edən qadın ərinin gözünə necə baxa bilər? Yalan və xəyanət içində sevgi ola bilərmi?
 
Həkim gülümsəyib dedi:
 
- Bu, çox asandır. Amma onu da bil ki, qadın sevgidən ağlını itirəndə sənin dediklərinin heç birini fikirləşmir. Xəyanəti ərindən gizlətmək məsələsinə gəldikdə isə qadınların "əl altda” neçə yolları var. Onlar bu yolla özlərini xilas edirlər.
 
Gənc qadın həkimin sözlərinə inanmaq istəmirdi.
 
- Yox, həkim, - o dedi. - Məncə qadın belə çətin vəziyyətə düşənə qədər ondan çıxış yolu haqda düşünmür. Həm də belə çətin vəziyyətə düşəndə kişilərlə müqayisədə qadınlar daha çox məsuliyyət hiss edirlər.
 
Həkim əlini qaldırıb qadının sözünü kəsdi:
 
- Mən indi bir vaxt xəstəm olmuş bir qadının başına gələnləri sənə danışacam. Onu mən çox tərbiyəli qadın hesab edirdim. Bu hadisə bir əyalət şəhərində baş verib. Bir gecə dərin yuxuda olanda mənə elə gəldi ki, şəhərdə yanğın həyəcanı var, yanğınsöndürən maşınlar həyəcan siqnalı çalır. Tez yuxudan ayıldım. Həyət qapısının zəngi çalınırdı. Qulluqçu da dərin yuxudaydı, o da gedib qapını açmadı. Az sonra qapını döyməyə başladılar. Bir azdan addım səsləri eşitdim. Qulluqçum Cean otağıma girib mənə bir məktub verdi. Məktubda belə yazılmışdı: "Madam Lelievre çox xahiş edir ki, həkim Simeon dərhal onlara getsin”.
 
Mən bir neçə dəqiqə götür-qoy edib öz-özümə dedim:
 
- Boş şeydir, yəqin hirslənib. Çox yorğunam, heç hara gedən deyiləm.
 
Beləcə aşağıdakı qeydi yazıb Ceana verdim.
 
"Həkim Sieomon özünü yaxşı hiss etmir, gedib kolleqam cənab Bonnetə müraciət edin”.
 
Mən məktubu zərfə qoyub Ceana verdim, sonra gedib yatdım. Amma yarım saat sonra yenə də qapının zəngi çalındı, Cean otağıma girib dedi:
 
- Aşağıda yenə də kimsə var. Heç bilmirəm qadındır, yoxsa kişi. Çünki başdan-ayağa qara şala bürünüb. Səninlə danışmaq istəyir. Deyir ki, bu iki nəfər üçün həyat və ölüm məsələsidir.
 
Mən əlacsız qalıb yerimdən durdum, Ceana dedim ki, həmin adamı otağıma gətirsin.
 
Bir neçə dəqiqə sonra Cean qara şala bürünmüş bir nəfərlə otağıma daxil oldu. Cean otaqdan çıxan kimi o qara şalı yuxarı qaldırdı. Bu, madam Berthe Lelievre idi. Cavan bir qadın. Üç il idi ki, şəhərdəki ən varlı bir tacirlə ailə qurmuşdu. Hamı deyirdi ki, bu tacir şəhərin ən gözəl qızıyla evlənib.
 
Qadının rəngi sapsarıydı. Sifəti dəli adamların sifətinə oxşayırdı. Əlləri də əsirdi. O iki dəfə danışmağa cəhd elədi, heç nə deyə bilmədi, nəhayət, kəkələyə-kəkələyə dedi:
 
- Gəl, tez, tez, həkim. Sevgilim mənim yataq otağımda ölüb.
 
Qadın həyəcandan sözünü davam etdirə bilməyib dayandı. Az sonra yenidən sözünə davam etdi:
 
- Ərim klubdadır. Bir azdan o evə qayıdacaq.
 
Mən tez çarpayıdan durdum. Gecə paltarımda olduğumu bir də onda bildim. Cəld geyindim, sonra dedim:
 
- Yarım saat əvvəl gələn sən idin?
 
- Yox, mən deyildim, qulluqçum idi, o da bilir hər şeyi.
 
Qadın azca dayanıb əlavə etdi:
 
- Qulluqçum bura gələndə mən evdəydim - onun yanında.
 
Qadın belə deyib hönkürdü, için-için ağladı. Qəflətən onun göz yaşları kəsildi, o dedi:
 
- Təsəsməliyik.
 
Mən getməyə hazır idim, amma fayton sifariş verməyi unutmuşdum. Bunu ona deyəndə o dedi:
 
- Mən faytonla gəlmişəm. Onun faytonudur, onu gözləyirdi.
 
Belə deyib qadın yenə də qara şala büründü, biz evdən çıxdıq.
 
Faytonda o mənim yanımda oturmuşdu. Birdən o incə əlləriylə əllərimi sıxıb titrək səslə dedi:
 
- Ah, kaş biləydin, biləydin ki, mən onu necə sevirdim! Mən onu dəli kimi sevirdim. Altı aydır ki, onunla görüşürdüm.
 
- Evdəkilər oyaqdır?
 
- Hamı yatıb, yalnız bir qulluqçu bilir, o da oyaqdır.
 
Onun evinə çatanda fayton dayandı. Evdə sakitlik idi, hamı yatmışdı. Barmaqlarımızın ucunda ikinci mərtəbəyə qalxdıq. Həyəcandan tir-tir əsən qulluqçu pilləkənin başında oturmuşdu, əlində də şam. Dedi ki, meyitin yanında oturmağa qorxub. Otağa girdik. Otaq tör-töküntü idi. Meyitin gicgahına qoyulan yaş dəsmalları yerə tullamışdılar. Bir tərəfdə kiçik vanna və stəkan vardı. Otaqdan sirkə iyi gəlirdi.
 
Meyit otağın tən ortasındaydı. Mən ona yaxınlaşıb, əlimi ona vurdum. Gözlərini açıb baxdım, nəbzini yoxladım. Sonra yanımda dayanıb tir-tir əsən qadınlara üzümü tutub dedim:
 
- Yaxın gəlin, mənə kömək edin, onu çarpayıya qoyaq.
 
Biz onu çarpayıya qoyandan sonra mən onun ürəyinə qulaq asdım, dodaqlarına güzgü tutub dedim:
 
- Gecdir, o ölüb.
 
Kaş bu sözləri deyəndə o qadını görəydin! Çox dəhşətli mənzərəydi.
 
Mən meyitə baxıb dedim:
 
- Onun saçını bir az səliqəyə salın.
 
Qulluqçu gedib ev sahibəsinin darağını gətirdi. O meyitin saçını daramaq istədi, amma həyəcandan əsirdi. Bunu görən madam Lelievre darağı ondan alıb meyitin saçını elə daradı ki, sanki sevdiyi işlə məşğul idi. Onun saçını daradı. Bığlarını barmağıyla burdu, saqqalını tumarladı. Sonra meyitin başını dizi üstə qoyub ona diqqətlə baxdı. Birdən darağı kənara tullayıb meyiti qucaqladı, dodaqlarını onun qulağına tutub nəsə pıçıldadı. Elə bil meyitin onu eşidəcəyini gözləyirdi. Sonra ürəkparçalayan səslə dedi:
 
- Əlvida, əzizim!
 
Elə bu vaxt divar saatı on iki dəfə vurdu, mən ayağa durub dedim:
 
- Saat on ikidir? Klub indi bağlanır. Madam, tez gəl, biz vaxt itirə bilmərik.
 
O dik qalxdı. Mən dedim:
 
- Gəl onu qonaq otağına aparaq.
 
Biz onu qonaq otağına aparıb, onu divana uzadandan sonra işıqları yandırdım. Elə bu vaxt evin qapısı açıldı, səs gəldi. Madam Lelievre dedi:
 
- Roze, otağı da səliqəyə sal. Allah xətrinə, tez gəl, cənab Lelievre gəlir.
 
Cənab Lelevre pilləkənlərin başında olanda ona yaxınlaşıb dedim:
 
- Gəl, bədbəxt hadisə baş verib.
 
Sözümü eşidən cənab Lelievre damağında siqaret qapının ağzına gəlib dedi:
 
- Nə olub? Nə demək istəyirsən, əziz dost!
 
Mən ona bir az da yaxın gəlib dedim:
 
- Mən gəlmişdim ki, arvadının vəziyyətiylə tanış olam. Məni gətirən faytonçu da mənimlə qonaq otağına çıxdı. Mən arvadınla söhbət edirdim, vaxtın necə keçdiyini bilmədik. Birdən faytonçunun ürəyi getdi. Çox çalışsam da o hələ özünə gələ bilməyib. Mən gedib qonşuları köməyə çağırmaq istəmədim. Gəl, mənə kömək elə, onu aşağı düşürək. Onu öz evinə aparsam, evində ona lazımı dərmanları verib özünə gətirə bilərəm.
 
Cənab Lelievre təəccüblənsə də heç nədən şübhələnmədi. Şlyapasını çıxardı. Sonra "rəqibinin” meyitini götürdü, mən də meyitin ayaqlarından tutdum. Beləcə, meyiti aşağı düşürdük. Biz aşağı düşəndə madam Lelievre də əlində şam tutub yolumuzu işıqlandırırdı. Biz həyətdən çıxanda mən meyiti dikəltdim, faytonçunu aldatmaq üçün üzümü meyitə tutub dedim:
 
- Gəl faytona minək, dost, az sonra hər şey yaxşı olacaq. Tezliklə hər şey geridə qalacaq. Bircə səni evinizə tez çatdırsaydım. Cəsarətli ol!
 
Mən belə deyəndə meyit qollarım arasından sürüşürdü. Mən onun çiynindən bir şillə vurdum, onu faytona itələdim. Sonra özüm də faytona mindim. Hədsiz həyəcanlanan cənab Lelievre mənə dedi:
 
- Necə bilirsən, ciddi bir şey yoxdur?
 
Mən də gülümsəyib dedim:
 
- Yox.
 
Madam Lelievre qolunu ərinin boynuna dolayıb faytonun içinə baxırdı.
 
Mən onlarla sağollaşıb faytonçuya yola düşməyi işarə etdim. Yol boyunca meyit tez-tez üstümə yıxılırdı. Onun evinə çatanda arvadına dedim ki, əri huşunu itirib, köməkləşib onu otağına apardıq. Bundan sonra ailəsinin fikrini yayındırmaq üçün başqa "oyun” oynadım. Nəhayət, gecə yarısı evimə gəlib yatağa uzandım...
 
Həkim sözünü bitirəndə cavan qadın dedi:
 
- Yaxşı, bunları mənə niyə deyirsən?
 
Həkim yüngülcə baş əyib dedi:
 
- Demək istəyirəm ki, ehtiyac olarsa köməyimi əsirgəmərəm.
 
İngilis dilindən tərcümə edən: Sevil Gültən
 
Kaspi.az

www.ann.az

Xəbər lenti