Dünyaca məşhur ifaçının Bakı konsertindən maraqlı anlar (VİDEO)

Dünyaca məşhur ifaçının Bakı konsertindən maraqlı anlar (VİDEO)
Dünyaca məşhur akkordeon ifaçısı Richard Galliano Bakı Jazz Festivalı çərçivəsində konsert verib.

ANN.Az AzNews.az-a istinadla xəbər verir ki, konsert Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təşkil edilib.

İfaçı səhnəyə çıxmazdan öncə Fransanın ölkəmizdəki səfiri Orelia Buşez konsertin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Konsertin birinci hissəsində Galliano solo akkordeonda Erik Satie, İ.S.Bax, Yan Tyersen kimi bir-birindən kəskin fərqlənən üslublarda yaradan, müxtəlif dövrlərə aid bəstəkarların əsərlərini ifa edib. Əfsanəvi musiqiçi dostu və müəllimi hesab etdiyi argentinalı bəstəkar Astor Piazzollanın əsərlərindən də yan keçməyib, virtuoz ifası ilə tamaşaçıları məftun edib.

İkinci hissədə isə Gallianonu səhnədə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə "Sinfonietta” orkestri müşayət edib.

Ecazkar gecənin sonunda isə tamaşaçılara sürpriz bir ifa təqdim edilib. Ötən il Bakı Jazz Festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olan akkordeonçu Seymur Həsənsoy elə fanatı olduğu əfsanəvi Galliano ilə Astor Piazzollanın "Tanqo”sunu səsləndirib.

Qeyd edək ki, Fransada "cazın müqəddəs əjdahası” ləqəbi ilə tanınan ifaçı ilk dəfə idi ki, Bakıda konsert verirdi.


www.ann.az

Xəbər lenti