Buşa ayaqqabı atan jurnalist siyasətə gəlir

Buşa ayaqqabı atan jurnalist siyasətə gəlir
ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atması ilə məşhurlaşan iraqlı jurnalist Muntazar əl-Zeydi mayın 12-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.

ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlum hadisədən sonra təhlükəsizliyi səbəbindən xaricdə yaşayan Zeydi Bağdada geri dönüb. O, şiə lideri Müktəda əs-Sədrin dəstəklədiyi və içərisində liberal namizədlərin də olduğu Sairun siyahısından seçim marafonuna qatılıb.

"Buşa ayaqqabı atdıqdan sonra saxlanıldığım və ağır işgəncələrə məruz qaldığım həbsxanadan çıxdıqdan sonra İsveçrəyə getmək məcburiyyətində qaldım. Orada 3 ay yaşadıqdan sonra ABŞ işğalının qurbanları üçün vətəndaş cəmiyyəti yaratdım. İsveçrənin sığınacaq təklifini rədd etdim, çünki işğalçıların və onlarla bərabər gələnlərin ölkəmdən çıxacağına inanırdım. İraqa geri döndüm və 2011-ci ildə iqtidara qarşı iştirak etdiyim mitinqdə qardaşımla birgə saxlanıldım. Aclıq aksiyası keçirdiyimiz üçün 3 gün sonra sərbəst buraxıldıq. Daha sonra Maliki hökumətinin adamları məni təqib etməyə başladılar. Həyatım ciddi mənada təhlükəyə girdi", - deyə o, bildirib.

Bu hadisələrdən sonra Livana getdiyini deyən Zeydi orada heç bir təqibə məruz qalmadan İraqdakı hökumət və rüşvətxor siyasətçilərə qarşı mübarizə apardığını söyləyib. İraqa 2 ay öncə gələn jurnalist ölkədəki rejimi dəyişdirmək niyyətində olduğunu bildirib:

"Mövcud siyasi rejimi iraqlılar arasında məzhəb və etnik ayrıseçkiliyi etməyən rejimə çevirmək niyyətindəyik. "Bu sünni, bu şiə adıdır", - deyə ayrıseçkilik edən bir idarəçilik istəmirik. Bu ölkənin şiəsi də, sünnisi də məzlumdur. Hakimiyyət başında olanlar da oğrudur və İraqın bütün sərvətini oğurlayıblar. Sairun siyahısı ilə dəyişikliyi reallaşdıracağıq"

O, nə üçün Sairun siyahısından namizəd olduğunu belə əsaslandırıb:

"Sairundan başqa İraq xalqının istəklərini yerinə yetirə biləcək başqa qrup yoxdur. Siyahı heç bir xarici təşkilatdan maliyyə yardımı almır".

Zeydi seçkiləri qazandığı təqdirdə İraqda güclü siyasi nüfuza malik olan ABŞ-ın onu parlamentə buraxmayacağı ilə bağlı narahatlığının olub-olmaması məsələsinə də münasibət bildirib:

"Gözlərini çıxardaram. ABŞ və seçkilərə qatılmağımı veto etmək istəyən qonşu ölkədən (İranı nəzərdə tutur) qorxmuram. Bir-birinə düşmən olan bu iki ölkənin mənə qarşı veto məsələsində necə anlaşdığını hələ anlamıram".

www.ann.az

Xəbər lenti