Bulvarın avtomobil dayanacağı velosipedçilər və piyadalar üçün təhlükə yaradır (VİDEO)

Bulvarın avtomobil dayanacağı velosipedçilər və piyadalar üçün təhlükə yaradır (VİDEO)
Dövlət Bayraq Meydanı, Yeni Bulvar və Bakı Kristal Zalın arasında yerləşən geniş ərazidə salınmış 4000 min ədəd avtomobil tutumu olan dayanacaq meydanında velosiped sürənlər, ərazini avtomobillərin arası ilə piyada keçənlər də az deyil.

Hər gün dayanacağa daxil olan avtomobillər velosipedçilər, piyadalar üçün təhlükə yaradır.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, adətən, həmin əraziyə "Bayraq meydanı"nda, Bakı Kristal Zalda böyük tədbirlər olan zaman avtomobillər buraxılır: "Bayraq meydanı"nın yaxınlığında dayanacaq var və bulvara daimi gələnlər həmin dayanacaqdan istifadə edirlər. Avtomobillər böyük dayanacağa buraxıldığı zaman ərazidə kirayə verilən velosipedlərdən istifadə edənlərə, öz velosipedi ilə gələnlərə bu barədə məlumat verilir. Dayanacağın girişində mühafizə xidməti var və onlar sakinlərə həmin ərazidə avtomobillər olduğundan velosipedlə girilməsinin birmənalı şəkildə qadağan olunduğunu bildirirlər. Amma çox təəəssüf ki, bəzi hallarda bizim mühafizə xidmətinin əməkdaşlarının sözünə qulaq asmayan, qanuna əməl etməyən insanlar da olur".

Şöbə müdiri deyib ki, dayanacağın istifadəyə açıq olduğu gün kiminsə velosipedlə həmin əraziyə daxil olması Dənizkənarı Bulvar İdarəsinin vəziyyətə laqeydlik göstərməsi demək deyil.

Onun sözlərinə görə, gələcəkdə ərazidə təhlükəsizliklə bağlı tədbirlərin daha da gücləndirilməsi nəzərdə tutulur: "Əhali burada insan axınının çox olduğunu nəzərə almalı və ehtiyatla hərəkət etməlidir. Avtomobillərin dayanacağa getdiyi zaman nəinki velosiped sürənlərin, piyadaların da əraziyə daxil olmaması daha məqsədəuyğun olar. Mühafizəçilər piyadalara da xəbərdarlıq edirlər. Buna baxmayaraq, yol hərəkəti qaydalarını pozanlar olur. Əhalini ərziyə buraxmamaq çıxış yolu deyil. Amma xəbərdarlığı ciddiləşdirmək, mühafizəçilərin sayını artırmaq, əlavə işarələr qoymaqla problemi həll etmək mümkündür və bu istiqamətdə də addımlar atılacaq. Tədbirlərin olduğu gün mühafizə xidməti gücləndirilmiş iş rejimində işləyir".

N.Məcidov qeyd edib ki, ərazidən dayanacaq kimi istifadə olunmayan günlərdə velosiped sürənlərin olması İdarənin işinə müsbət təsir göstərir. Belə ki, insanlar velosipedi həmin ərazidə sürdüklərindən sakinlərin gəzdikləri yerdə çox olmurlar.  

www.ann.az

Xəbər lenti