Brüssel sammiti öncəsi: Avropa İttifaqına inteqrasıya Azərbaycana nə vəd edir?

Brüssel sammiti öncəsi: Avropa İttifaqına inteqrasıya Azərbaycana nə vəd edir?
24 noyabr tarixində Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.

Avropa İttifaqının (Aİ) üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək,  Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər.

Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək.  

Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir:

1.      Daha güclü iqtisadiyyat: İqtisadi inkişaf və bazar imkanları;
2.      Daha güclü idarəçilik: İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik;
3.      Daha yaxşı əlaqələr: Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi;
4.      Daha güclü cəmiyyət: Mobillik və insanlar arasında əlaqələr.

Vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi ilə yaxşı təşkil olunmuş əməkdaşlıq gender bərabərliyi və qeyri-diskriminasiya sahələrində irəliləyişə səbəb olur. Bundan başqa, bütün sahələrdə daha aydın və xüsusi strateji kommunikasiya həyata keçirilir.  

Avropa Şurası ilə Avropa İttifaqı altı Şərq Tərəfdaş ölkəsində həyata keçirilən birgə layihələrin nəticələrini açıqlayıb.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq təşəbbüsü altında həyata keçirilən layihələr insan hüquqlarının qorunması, demokratik idarəçiliyin və qanunun aliliyin təşviqi kimi mövzuları əhatə edib.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ümumi büdçəsi 33.8 milyon avro olub. 2015-2017-ci illərdə icra edilən layihələr  Aİ və Avrova Şurası tərəfindən birgə maliyyələşib. Azərbaycanda icra edilən dörd layihənin ümumi büdcəsi 4.9 milyon avro təşkil edib. Bunlar ölkədə media və ifadə azadlığının vəziyyətinin yaxşılaşdırılması, idarəçilikdə korrupsiya ilə mübarizə potensialının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və potensialının yüksəldilməsi, hakimlərə təlimlərin keçilməsi və məhkəmə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına hədəflənib.
 
Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın hüquqi əsası 1996-cı il 22 aprel tarixində imzalanmış  Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) təşkil edir. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi vaxtdan Avropa İttifaqı Azərbaycanda 580 milyon avro dəyərində layihə həyata keçirib. 50-yə yaxın "Twinning” layihəsi həyata keçirilib. Bunlar iqtisadiyyat, ticarət, demokratiya, insan hüquqları, qanunun aliliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və bir çox başqa sahələri əhatə edir.  

Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ötən ay Tallində keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti konfrans iştirakçılarına göndərdiyi videomüraciətinə bu sözlərlə başlayıb:

"Əziz dostlar, düz bir aydan sonra Brüsseldə Şərq Tərəfdaşlığı sammitimiz baş tutacaq. Lakin sammitin sizin Tallindəki görüşlərinizdən başladığını da deyə bilərik. Çünki Şərq Tərəfdaşlarımızla gördüyümüz bütün işlər sizin və bizim ölkələrin insanları üçün görülür. Çünki siz insanların ehtiyacları və arzularını başqalarından daha yaxşı bilirsiniz”.

Həqiqətən bütün bu işlər Şərq Tərəfdaş ölkələrinin insanları üçün görülür. Çünkü nəticə etibarı ilə əhalinin rifah halının yaxşılaşdırılmasına və cəmiyyətin inkişafına hesablanan bu layihələr həm də Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasında mühüm töhfə hesab olunur.

Bir çoxları Şərq Tərəfdaşlığı proqramını yanlış anlayaraq bunu  geosiyasət və ya təsir dairələrini müəyyənləşdirmək üçün yarandığını qeyd edir. Əslində isə xanım Federika Moqerininin dediyi kimi, bu təşəbbüs vətəndaşlarımızın həyatına real müsbət dəyişikliklər gətirmək üçündür.

Vüsal Əzizov

www.ann.az

Xəbər lenti