BBF-in dəstəklədiyi "Keepface"ölkə hüdudlarını aşdı (FOTOLAR)

BBF-in dəstəklədiyi
Şirkət DMCC-də (Dubai Multi Commodities Centre) qeydiyyatdan keçib

"Keepface" şirkəti fəaliyyətini daha da genişləndirərək ölkə hüdudlarından kənara çıxıb.

"Report"un məlumatına görə, şirkət bir neçə gün əvvəl DMCC-də (Dubai Multi Commodities Centre) qeydiyyatdan keçib və yaxın zamanlarda Mərkəzi Asia, Qafqaz və MENA (Yaxın Şərq və Şimali Afrika) bölgələrini hədəfləyir.

DMCC Dubayda yerləşən Qlobal Azad İqtisadi Zona olub, özündə 13 000-dən çox şirkəti cəmləyir. DMCC hazırda BƏƏ və onun ətrafında biznesi inkişaf etdirmək və qlobal bazara daxil olmaq üçün ideal yerlərdən biri hesab olunur. Bura qoşulan hər bir üzv şirkət ölçüsü və statusundan aslı olmayaraq beynəlxalq səviyyəli xidmətlərə və infrastruktura çıxış əladə edir.

Eyni zamanda "Keepface" "Google" şirkətinin MENA regionunda yeganə texnologiya şəbəkəsinin üzvü olan "AstroLabs"a qəbul olunub. "Keepface" bura üzv olmaqla müxtəlif ölkələrdə yerləşən 20-dən çox "Google Tech Hub" şəbəkəsi və 6 kampusuna çıxış əldə etmiş olur. "Keepface" Dubayda "AstroLabs"da ofis sahəsindən və rəqəmsal texnologiya şirkətlərinə dəstək üçün təşkil olunmuş təhsil akademiyasından yararlana biləcək.
"AstroLabs"ın missiyası MENA regionunda inkişaf etməkdə olan rəqəmsal texnologiya ekosistemini yaratmaqdır.

"Keepface" həmçinin "IBM Global Entrepreneur" proqramına da qəbul olunaraq "IBM Bluemix"də olan bütün xidmətlərdən, o cümlədən dünyanın ən güclü AI (süni intellekt) alətlərindən olan "Watson" xidmətlərindən 120 000 dollarlıq cloud istifadəsinə haqq qazanıv. IBM-in Dubai ofisi bu texnologiyaların "Keepface" platformasına inteqrasiyasında öz iki mühəndisi ilə yaxından iştirak edəcək.

Qeyd edək ki, "Keepface" şirkəti bir il əvvəl BBF-də ("Baku Business Factory") fəaliyyətə başlayıb. "Keepface" dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketinq"i avtomatlaşdıran platformadır. Bu platformada infleuncerlər - sosial şəbəkələrdə çox izləyicisi olan istifadəçilər (məşhurlar, bloqerlər, jurnalistlər, ekspertlər, aktiv qrup və səhifələr) və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Hazırda "Keepface" regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.






www.ann.az

Xəbər lenti