Azərbaycanlı milyarderlərin nəhəng layihəsi etiraza səbəb oldu

Azərbaycanlı milyarderlərin nəhəng layihəsi etiraza səbəb oldu
Moskvanın daşınmaz əmlak kralları siyahısında olan yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanovun və Zarah İliyevin Sankt-Peterburqda həyata keçirməyə hazırlaşdığı nəhəng layihə sakinlərin etirazına səbəb olub. 

Ann.az-ın məlumatına görə, Virtualaz.org "Komsomolskaya Pravda”nın Sankt-Peterburq əlavəsinə istinadən xəbər verir ki, şəhərin Frunze rayonundakı 45 hektarlıq yaşıl zonanın 3.6 hektarlıq hissəsinin nəhəng ticarət-əyləncə mərkəzi, okeanarium və digər obyektlərin tikintisi üçün milyarderlərin şirkətinə verilməsinə etiraz olaraq yerli sakinlər müxtəlif instansiyalara şikayət göndərir, imza toplayır.

Nisanovla ortağının "Optima” adlı şirkəti həmin ərazisini iri investisiya layihəsi üçün güzəştli şərtlərlə əldə edib. Layihəyə əsasən, orada böyük okeanariumla yanaşı digər kommersiya təyinatlı obyektlər tikilməlidir. Qod Nisanov bu günlərdə "Forbes”ə müsahibəsində bildirib ki, kompleksin ümumi ərazisi 190 min kvadratmetr olacaq. Bunun 15 min kvadratmetrini okeanarium, 10 min kvadratmetrini dəniz biologiyası mərkəzi tutacaq. Qalanında isə ticarət mərkəzi və digər kommersiya obyektləri tikiləcək.



Lakin Kupçino sakinləri onların sevimli istirahət parkının bir hissəsinin məhv ediləcəyini eşidəndə etirazlara başlayıblar. Yerli fəallardan biri Pavel Şvets bildirib ki, onlar layihənin dayandırılması barədə şəhər Dumasına, digər instansiyalara müraciət ediblər. Parkda tikintinin dayandırılması barədə qanun layihəsi artıq qanunverici orqanda baxılır. "Biz ümid edirik ki, məsələni mitinqlərsiz həll etmək mümkün olacaq”-o deyib.

Fəallar deyirlər ki, əvvəlcə onları parkda təkcə okeanarium olacağını deyərək aldadıblar. İndi isə məlum olur ki, okeanarium kompleksin cüzi hissəsini təşkil edəcək. Onların sözlərinə görə, bu layihəni hazırlayanda sakinlərin fikirlərini heç kim dinləməyib. Hazırda sakinlər layihənin dayandırılması barədə müraciətə imza toplayırlar, indiyədək 2 min nəfərdən çox sakin bu müraciətə imza atıb.

Xatırladaq ki, Nisanov və ortaqları Moskvada da nəhəng okeanarium açıblar.


www.ann.az

Xəbər lenti