Azərbaycanın xalça inciləri Vaşinqtonda (FOTOLAR)

Azərbaycanın xalça inciləri Vaşinqtonda (FOTOLAR)
7 sentyabr tarixində ABŞ-ın paytaxtında "Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunubdur. Azərbaycanın ABŞ-dakı Səfirliyi və "Azərxalça” ASC birgə təşkilatçılığı ilə bu tədbir Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.

Trend-in məlumatına görə, Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov xalça sənətinin Azərbaycan mədəniyyətinin əsas incilərindən biri olduğunu vurğulayaraq bunun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu xatırladıb. Azərbaycan xalçaları incəsənət əsəri olmaqla yanaşı həmçinin Azərbaycanın tarixini və inkişafını, coğrafi əhatəliyini və mədəni xüsusiyyətlərini izah etdiyinə diqqəti çəkib. Səfir Azərbaycanın ölkə rəhbərliyinin diqqəti sayəsində bu sahənin yenidən canlandığını və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın göstəricisi olduğunu xüsusi vurğulayıb. Azərbaycan xalçaçılığın regional nümunələrinin təqdim olunmasında "Azərxalça” ASC Vidadi Muradovun geniş araşdırmaları və nəşrlərinin də töhfə verdiyi qeyd edilib.

Daha sonra çıxış edən "Azərxalça” ASC idarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycan xalçasının xalqımızın mədəni kimliyinin əsas hissələrindən biri olduğunu vurğulayaraq ölkəmizin müxtəlif bölgələrini əks etdirən doqquz xalçaçılıq məktəbinin olduğunu diqqətə çatdırıb. O, "Azərxalça” şirkətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-ci ilin mayında imzaladığı sərəncam əsasında yarandığını xatırladaraq bu müəssisənin istehsal etdiyi xalçaların həm ölkəmiz daxilində satıldığı, həm də xaricə ixrac edildiyini bildiribdir.

Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə sərgi edilən və əllə toxunan bu xalçalar barədə geniş izahlar verilib və onların çoxsaylı suallarına cavab verilib. Qeyd edək ki, bu sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib və geniş ziyarətçi marağına səbəb olub. Bu xalçaların növbəti günlərdə Nyü York şəhərində də nümayiş etdirilməsi nəzərdə tutulur.
 













www.ann.az

Xəbər lenti