Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR

Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
"Socar Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz bir qrup Azərbaycan media nümayəndələri ilə görüşüb. Türkiyənin İstanbul şəhərində keçirlən görüşdə o, "SOCAR Türkiyə” şirkətinin fəaliyyəti, "Petkim” petrokimyaholding şirkəti,  "Star” neft emalı zavodu,  "Petlim” konteyner limanı, "SOCAR POWER” Enerji Sərmayələri, Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) haqqında ətraflı məlumat verib. Görüşdən sonra "SOCAR Türkiyə” rəhbərliyi jurnalistləri Petkim Petrokimya Holding Şirkəti, Star Neft Emalı Zavodu, PETLİM Konteyner Limanı ilə yaxından tanış edib. 

ANN.Az xəbər verir ki, SOCAR Türkiyənin icraçı direktor Kənan Yavuz  "SOCAR Türkiyə Enerji A.Ş” haqqında danışarkən qeyd edib ki, SOCAR 2008-ci ildə Petkim şirkətini özəlləşdirməklə Türkiyədə fəaliyyətə başlayıb: ""SOCAR Türkiyə” şirkəti Türkiyənin ən gənc enerji şirkətlərindən biridir. Qurum neft emalı, neft-kimya, energetika, loqistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir. Şirkətinin ortaqlıq quruluşuna əsasən "SOCAR Türkiyə Enerji A.Ş”-nin 87 faizlik hissəsi SOCAR-a aiddir. 2015-ci il avqustun 14-dən etibarən "Goldman Sachs” "SOCAR Türkiyə”nin 13 faizlik hissəsinə ortaq olub. 2021-ci ildə bu 13 faizlik hissə "Goldman Sachs”ın liderlik edəcəyi bir konsorsium ilə birjada satışa çıxarılacaq. "SOCAR Türkiyə Enerji A.Ş” 2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-ci ildə isə ən böyük sənaye şirkəti olmağı hədəfləyir. 2008-2018 illər ərzində Türkiyə üçün əhəmiyyətli bir infrastruktur layihəsi olan TANAP ilə birlikdə Türkiyəyə qoyulan investisiyanın məbləği 20 milyard dolları keçəcək. «Value-Site» layihəsi çərçivəsində bu günə qədər Petkim yarımadasına qoyulan investisiyaların cəmi 10 milyard dolların üzərinə çıxıb. Cari gün üçün "SOCAR Türkiyə” Türkiyənin ən böyük xarici investorudur. SOCAR-ın Türkiyədəki investisiya portfeli 20 milyard dollardır”.

Daha sonra Petkim Petrokimya Holding Şirkətinin iş fəaliyyətindən söz açan Kənan Yavuz Petkim yarımadasının Türkiyənin sənaye sahəsində strateji əhəmiyyətə sahib ən vacib investisiya mərkəzi olduğunu deyib: "SOCAR 2008-ci ildə Petkimin 51 faizlik hissəsini 2 milyard 40 milyon dollar müqabilində Türkiyə dövlətindən blok halında alıb. Daha sonra isə dövlətdə qalan 10 faizlik hissəni də 168 milyon dollar qarşılığında 2012-ci ildə əldə edib. Beləcə,  SOCAR Petkimi almaq üçün ödədiyi məbləğ 2,2 milyard dollar təşkil edib. Bu 2,2 milyard dolların təxminən 900 milyon dolları "SOCAR Türkiyə” şirkəti olaraq Türkiyədə formalaşdırdığı maliyyə resursları hesabına həyata keçirilib. Petkimin özəlləşdirilməsi zamanı geriyə qalan bütün borc tamamilə ödənilib. Etilen Zavodundakı 13 faizlik tutum artımı və PTA Zavodundakı 50 faizik tutum artımı da 2014-cü ildə tamamlanıb. Tutum artımları nəticəsində Petkimin illik istehsal tutumu 3,2 milyon tondan 3,6 milyon tona yüksəlib”.

İcraçı direktor "Star Neft Emalı Zavodu” layihəsinin ümumi investisiya məbləği 5 milyard 600 milyon dollar təşkil etdiyini bildirib: "İnvestisiya məbləğinin 2 milyard 400 milyon dolları SOCAR-ın öz resurslarından təmin edilib. Geri qalan 3 milyard 200 milyon dollar dəyərindəki investisiya isə banklar tərəfindən maliyyələşdirilməkdədir. SOCAR-ın İzmirdə inşa etdiyi "STAR Neft Emalı Zavodu” üçün 23 bankdan ümumilikdə 3.2 milyard dollarlıq maliyyə resursu təmin edilib. 18 illik ödəmə planı ilə Türkiyə real sektor tarixinin ən böyük layihə maliyyələşdirilməsi olan bu layihə 23 beynəlxalq bankın və Amerika, Yaponiya, Koreya, İspaniya və İtaliya "Eximbank”larının içində olduğu bir konsorsium tərəfindən reallaşdırılıb. "STAR Neft Emalı Zavodu” 2018-ci ildə tamamlanacaq və Türkiyə Respublikasının bir nömrəli strateji investisiyaya təşviq sənədinə malikdir. Bu təşviq sənədi ilə investisiya dövründə Türkiyə Respublikası tərəfindən təxminən 1 milyard dollara yaxın bir təşviq veriləcəkdir. "STAR Neft Emali Zavodu”nun istehsal edəcəyi bütün məhsullar hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni Türkiyədə istehsal edilə bilməyən, tutum yetərsiz olduğu üçün idxal edilən məhsullar artıq bu zavodda istehsal ediləcək. "STAR Neft Emali Zavodu” Petkim ilə inteqrasiya olduğu üçün Avropanın ən yüksək texnologiyaya sahib məhsuldarlığı və gəliri ən yüksək Neft Emalı Zavodu olacaq. Bu günə qədər Neft Emalı Zavodundakı tikinti işlərinin 29 faizi tamamlanıb və indiyə kimi 2 milyard dollar pul xərclənib. Bu məbləğin təxminən 300 milyon dollarını banklardan alınan layihə maliyyələşdirilməsi tərəfindən qarşılanıb. Bundan sonrakı xərclərin böyük hissəsı yenə layihə maliyyələşdirilməsi tərəfindən qarşılanacaq. İnvestisiya mərhələsində, 2017-ci ilin sonuna qədər Neft Emalı Zavodunda təxminən 10 mindən çox insan çalışacaq. 2018-ci ilin mart ayında istehsala başlanılması hədəflənməkdədir. İstehsala başlanıldıqdan sonra isə daimi əsasda 1000 işçi iş ilə təmin ediləcək”.

PETLİM Konteyner Limanından söz açan direktor Petkim yarımadasında inşa edilən bu limanın Türkiyənin üçüncü, Egey Dənizinin isə ən böyük konteyner limanı olacağını deyib: "Petlim, keyfiyyət standartları baxımından Türkiyənin ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacaq. Dünyanın ən böyük investisiya banklarından olan Goldman Sachs, Petkim liman şirkəti Petlimə ortaq oldu. Petlim səhmlərinin 30 %-i 250 milyon dollar müqabilində "Goldman Sachs”a satıldı. Bu səhmlərin satışı nəticəsində Petkim Konteyner Limanının bazar dəyəri bir milyard dollara çıxmış oldu. Petlimin ən böyük xüsusiyyəti, 11 min ədəddən çox konteyner daşıyan  dünyanın ən böyük konteyner gəmilərinin limana yanaşa bilməsidir. Bunun üçün dənizin dərinliyi 16 metrə çıxarıldı və 700 metr uzunluğunda liman sahil xətti inşa edildi. Petlimin ümumi investisiya dəyəri 400 milyon dollardır. 400 milyon dolların 300 milyon dollarlıq hissəsini Petkim maliyyələşdirib. Limanın menecmenti 28 il müddətinə dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan "APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək və gəlir ortaqlığı razılaşmasına əsasən Petkim də əldə edilən gəlirlərdən pay alacaq. Hədəfimiz 2016-cı ilin yanvar ayından etibarən konteyner gəmilərini limanda görməkdir. Petlimin rəsmi açılışını ən geci 2016-cı ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə həyata keçirməyi planlaşdırırıq”.

SOCAR POWER Enerji Sərmayələrinin gələcək iş fəaliyyəti barəsində danışan Kənan Yavuz Petkim yarımadası enerji istehsalının şaxələndirilməsi çərçivəsində planlanan Külək Enerji Stansiyasının ümumi gücü 51 MW olacağını qeyd edib: "Təxminən 55 milyon avro məbləğində investisiya ilə Petkim tərəfindən inşa edilən Külək Enerji Stansiyasının tikintisinin 2016-cı ilin sonunda tamamlanması planlaşdırılır. "SOCAR Power” şirkətinin Petkim ərazisində gələcək on illik planda təxminən 1500 megawatt gücə sahib bir layihəsi var. Hazırda təxminən 300 megawattlıq gücə sahib olacaq kömür stansiyası üçün, "SOCAR Power” şirkəti vasitəsilə bürokratik işlərlə əlaqədar dövlətdən alınması lazım olan icazələr alınıb. Tender prosesi və layihə maliyyələşdirilməsi təmin etmək üçün banklarla danışıqlar davam etdirilir. 300 megawattlıq "Petkim Kojenerasyon Təsisinin” (Petkojen) birinci mərhələsinin 2016-ci ildə tamamlanması hədəflənir. Beləliklə, enerji xərclərində təxminən 30 faiz qənaətin təmin edilməsi hədəflənir. 

Planlaşdırılan yatırımlarla 2023-cü ildə Petkim yarımadasının elektrik və buxar gücü ehtiyacı təxminən 4 qat artacaq. STEP Enerji Stansiyası layihəsinin ümumilikdə 1,4 milyard dollarlıq investisiya xərclərinin 300 milyon dolları ətraf mühit çirkliliyinin qarşısını alacaq investisiya məbləği olaraq hesablanıb. Həyata keçirilən enerji investisiyaları ilə həm Petkim yarımadasındakı enerji ehtiyacları ödəniləcək, həm də Türkiyə dövlətinə elektrik satılacaq”.

Kənan Yavuz sonda Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi, Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyət ilə icra etdikləri layihələrin enerji sahəsindəki ən əhəmiyyətli nümumələrindən biri olduğunu vurğulayıb: "26 dekabr 2011-ci ildə Razılaşma Memerandumu və 26 iyun 2012-ci ildə Hökumətlərarası Saziş və Ev Sahibi Hökumət müqaviləsinin imzalandığı TANAP, Azərbaycan Şah Dəniz-2 sahəsi və əlavə mənbələrdən əldə edəcəyi təbii qaz ilə Türkiyə və Avropanın təbii qaz təhlükəsizliyi və çeşitliliyinə böyük qatqı təmin edəcək. TANAP, Türkiyənin Gürcüstan sərhədində Ardahan vilayətinin Posof mahalının Türkgözü kəndindən başlayaraq Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhər, Kırıqqala, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaq üzrə 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında sonlanacaq. Bu nöqtədən, Avropa ölkələrinə təbii qaz ötürülməsini həyata keçirəcək TAP Təbii Qaz Boru Xəttinə birləşdirəcək. Xəttin Türkiyə içi çıxış nöqtələri isə Əskişəhər və Trakya bölgəsi olacaq. TANAP layihəsi çərçivəsində ilk qaz axışı 2018-ci ildə reallaşacaq. İlkin olaraq illik 16 milyard kubmetr olacaq daşıma tutumu, pilləli olaraq əvvəl 24 milyard kubmetrə və ardından 31 milyard kubmetrə yüksəldiləcək. TANAP, Türkiyə sərhədləri içərisində bu günə qədər həyata keçirilən ən böyük həcmə və uzunluğa sahib təbii qaz boru xətti layihəsi olacaq”.

Orxan Aslanlı
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


www.ann.az

Xəbər lenti