Azərbaycanın media nümayəndələri Zəhra Quliyeva ilə bağlı xarici jurnalistləri məlumatlandırıblar

Azərbaycanın media nümayəndələri Zəhra Quliyeva ilə bağlı xarici jurnalistləri məlumatlandırıblar
 Türkiyədə səfərdə olan Azərbaycanın media nümayəndələri iyulun 4-də Ağdamın Alıxanlı kəndində qətlə yetirilən Zəhra Quliyeva ilə bağlı məlumatları xarici jurnalistlərə çatdırıblar.

ANN.Az-ın "Report"a istinadən xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin hazırladığı Z.Quliyevanın şəkli olan posterlər xarici media nümayəndələrinə paylanılıb, onlara hadisə ilə bağlı məlumat verilib. Onlar baş verənləri insanlıq əleyhinə cinayət adlandırıblar. Bilgiləndirmə aksiyası "Report" İnformasiya Agentliyinin, Avropa.info və Yenicağ.az saytının təşəbbüsü ilə baş tutub.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevirilişinə cəhdən bir il ötür. Bu məqsədlə Türkiyə hökumətinin dəvəti ilə dünyanın dörd tərəfindən 350-ə yaxın jurnalist bu ölkədə səfərdədir.
 




www.ann.az

Xəbər lenti