Azərbaycandan Tailanda birbaşa aviareys açılır

Azərbaycandan Tailanda birbaşa aviareys açılır
 "Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 29-dan Bakıdan Tailandın paytaxtı Banqkoka (Suvarnabhumi Beynəlxalq Hava Limanına) müntəzəm sərnişin reyslərinin həyata keçirilməsinə başlayacaq.

ANN.Az AZAL-a istinadən xəbər verir ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və "VIP-klub” sinif salonlu rahat "Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

Banqkoka yeni reyslər AZAL-ın digər reysləri ilə rahat calanacaq ki, bu da Böyük Britaniyanın nüfuzlu "Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qeyd edək ki, Banqkok regionunun əsas turizm mərkəzlərindən biridir. Hər il bu şəhəri dünyanın bir çox ölkələrindən, xüsusilə Qərbi Avropa və MDB ölkələrindən milyonlarla turist ziyarət edir. Banqkok ən tələbkar zövqləri belə təmin etməyə qadirdir: həm sirli Şərq mədəniyyəti ilə maraqlananları, həm də əyləncə həvəskarlarını. Şəhərdə müxtəlif səviyyəli çoxlu sayda otellər fəaliyyət göstərir, buna görə də burada əhalinin bütün təbəqələrindən olan turistlər istirahət edə bilər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
 


www.ann.az

Xəbər lenti