Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir (FOTOLAR)

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir (FOTOLAR)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri davam edir. 

"Report"un Qərb bürosunun məlumatına görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29”, "F-16”, "Su-25”, "C-130 Herkules”, "A-400 M”, "CASA CN-235” təyyarələri və "Mi-35”, "Mi-17”, "Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir. 

Təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə hava döyüşləri, yer hədəflərinə hücum, hava hücumuna qarşı sistemlərə birgə döyüş fəaliyyətinin aparılması, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər. 

Keçirilən birgə təlimlərin ssenarisinə əsasən, döyüş təyyarələri və helikopterlər uçuşlar keçirməklə təlim-döyüş tapşırıqlarını uğurla icra edirlər. Birgə təlimlər çərçivəsində əsas tapşırıq F-16, MiQ-29 və Su-25 döyüş təyyarələri birgə olaraq şərti hədəfi məhv etmək üçün havaya qalxıblar. 

Həmçinin MiQ-29 və F-16 təyyarələri birgə olaraq uzaq, orta və yaxın məsafəli şərti hava düyüşü tədbirlərini icra ediblər. Təlimlər zamanı SU-25 və F-16 təyyarələri yer hədəfinə birgə fəaliyyət yerinə yetirəcəklər və MiQ-29 təyyarələri onların hücumunun qarşısını almağa çalışacaq. 
 


Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk şahinləri isə bizim təyyarələrdə uçuşlar həyata keçirirlər. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan və Türkiyə pilotlarının birgə iştirakı ilə artıq 5-ci dəfədir ki, keçirilən bu təlimlər böyük əhəmiyyətə malikdir: "Təlimlərdə Türkiyənin hava qüvvələri bazasından helikopter və döyüş təyyarələri iştirak edir. Artıq bizim birgə təlimlərimizdə, şərti olaraq döyüş tapşırıqlarını birgə yerinə yetirməkdə heç bir problem yoxdu. Biz artıq döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmə vəziyyətinə çatmışıq. Hazırda aerodromda Türkiyə tərəfindən 3 ədəd F-16, 2 ədəd "Sikorski S-70” helikopteri, dəniz qüvvələrinin təyyarələri və yük təyyarələri, Azərbaycan tərəfindən çoxlu sayda MiQ-29, Su-25 təyyarələri və helikopterlər uçuşları yerinə yetirir. Ümumilikdə 30-dan çox döyüş texnikası təlimlərə cəlb edilib. Təlimlərdə Türkiyədən 170-dən çox şəxsi heyət iştirak edir. Bu təlimlərin Azərbaycan hava qüvvələri üçün çox böyük üstünlükləri var. Biz çoxmillətli birgə beynəlxalq təlimlərə hazırlaşırıq. Hazırda bu təlimləri Türkiyə ilə birgə həyata keçiririk. Biz gələcəkdə Türkiyədə 15-ə yaxın ölkənin birgə iştirakı ilə keçirilən "Anadolu Qartalı” təlimlərində də təmsil olunmaq istəyirik. Biz sovet taktikasını bilirik. NATO taktikasını da artıq öyrənmişik. İndi bizim aviasiya qüvvələri bu iki taktikanın birləşməsindən yeniliklər əldə edir. Sovet və NATO təyyarələrində elektronika sistemi, sürət və hündürlükölçmə, naviqasiya sistemləri fərqlidir. Pilotların öyrədilməsi metodu da fərqlidir. Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə artıq bizim pilotlarımız indiyədək bir çox işləri öyrəniblər. 
Təlimlər zamanı ortaq öyrətmə metodundan istifadə edirik. Pilotlarımız bir-birini tez başa düşür, tapşırıqlara düzgün və sərbəst şəkildə əməl edə bilirlər. Artıq bərabər uçuşlarımızda heç bir çətinlik yoxdur. Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri bu təlimləri izləmək üçün Yevlax Aerodromuna gəliblər. Onların gəlişində məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də "TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir”.

Qeyd edək ki, hazırda "TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri çərçivəsində Z.Tağıyev, Qala, Kürdəmir və Yevlax aerodromlarından uçular həyata keçirilir. Təlimlərə ümumilikdə 300-dən çox şəxsi heyət, 40-dan artıq pilot cəlb olunub. Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək
 
















www.ann.az

Xəbər lenti