Azərbaycan və Danimarka ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan və Danimarka ikiqat vergitutmanı aradan qaldırır
Bu gün iki ölkə arasında müvafiq konvensiya imzalanıb.

REPORT.AZ/ Bu gün Vergilər Nazirliyində "Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın imzalanması mərasimi keçirilib.

Nazirlikdən "Report”a verilən məlumata görə, konvensiyanı Azərbaycan tərəfdən nazir Fazil Məmmədov və Danimarkadan olan həmkarı Karsten Lauritzen imzalayıblar.

F.Məmmədov ikiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini vurğulayıb. K.Lauritzen isə bu sənədin hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açdığını qeyd edib.

Son illər Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu günə kimi 52 ölkə ilə müvafiq sazşlər imzalanıb. Bunlardan 48-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir.
 
Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə münasibətdə ayrı-seçkiliyə yol verilməyəcəyinə təminat verir. 

Dövlətlər üçün isə bu, ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.

İkiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin geniş olduğu dövlətlərə xüsusi diqqət yetirilir. İndiyəcək imzalanmış müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.

Bu gün Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişliinvestisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm dəvergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.

www.ann.az

Xəbər lenti