Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının Bakı Bəyannaməsi (MƏTN)

Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının Bakı Bəyannaməsi (MƏTN)
Bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında Bakıda keçirilən üçtərəfli görüşün bəyannaməsinin mətni açıqlanıb. 

Azərbaycan XİN-dən ANN.Az-a verilən məlumata görə, sənəddə nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə ediblər;

Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulayıblar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildiriblər və regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə ediblər;

Dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar;

Yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıblar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğulayıblar;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini vurğulayıblar;

İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara alıblar və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəliblər;

Üç dövlət arasında enerji sahəsində enerji təchizatı təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd ediblər;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər;

Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğulayıblar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə ediblər;

Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan ediblər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildiriblər;

Sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq "Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyini nailiyyətləri qiymətləndiriblər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq ediblər;

Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəliblər;

Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəliblər.

www.ann.az

Xəbər lenti