Xarici sərmayələrin cəlbi ilə bağlı fəal iş aparılacaq

Xarici sərmayələrin cəlbi ilə bağlı fəal iş aparılacaq
"Sənaye və kənd təsərrüfatı prioritet sahələrdir”. 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. 

Dövlət başçısı deyib ki, rayonlarda sənaye zonaları yaradılıb: "Bu il kənd təsərrüfatının inkişafı üçün 150 min hektar yeni torpağın suvarılması nəzərdə tutulub. Yeni zavodlar istifadəyə veriləcək. Görüləcək işlər bu sahədə artıma səbəb olacaq”. 

Qeyri-neft sektorunun ixrac etdiyi məhsullara toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycan brendi dünyada təbliğ edilir: "Müxtəlif ölkələrdə "Ticarət evləri” yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması vacibdir”. 

Dövlət başçısı qeyd edib ki, il ərzində infrastruktur layihələrin icrasına diqqət yetiriləcək: "Bunlar elektrik enerjisi ilə təminat, qazlaşma, içməli su və yolların inşası ilə bağlı layihələrdir. Sovetski adlanan ərazi abadlaşacaq, yeni gözəl istirahət məkanı yaradılacaq. Sosial-infrastruktur layihələr icra olunur. 3 modul tipli məktəb tikilir, əlavə 12 belə məktəbin inşası nəzərdə tutulur. Bu ilin ilk rübündə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya kompleksləri də istifadəyə veriləcək. Bölgələrdə məşğulluğun artırılması da daim diqqət mərkəzində saxlanılması vacibdir. Sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi davam edəcək. Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”. 
 
Dövlət başçısı qeyd edib ki, bu il Quba və Mingəçevirdə "Asan xidmət” mərkəzi açılacaq: "Şəki və İmişlidə də belə mərkəzlərin tikintisi aparılır. Bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılması vacibdir”.

www.ann.az

Xəbər lenti