ABŞ və Türkiyə arasında nə baş verir? (ŞƏRH)

ABŞ və Türkiyə arasında nə baş verir? (ŞƏRH)
Türkiyə və ABŞ arasında gərginlik pik həddə çatıb. Qarşılıqlı ittihamlardan sonra Türkiyənin ABŞ səfirliyinin əməkdaşını casusluqda ittiham edərək həbs etməsi qarşı tərəfin sərt addımlar atması ilə nəticələndi.

ABŞ-ın Türkiyə bütün rəsmi və qeyri-rəsmi vizaların dayandırılması barədə qərarı "işçilərinin təhlükəsizliyi" səbəbi ilə dayandırdı. Türkiyənin cavabı da oxşar oldu və ABŞ vətəndaşlarına viza verilməsinin dayandırıldığını açıqladı.

Bəs Türkiyə və ABŞ arasındakı gərginliyin səbəbi nədir? Bununla bağlı müraciət etdiyimiz politoloq Qabil Hüseynli "Qaynarinfo"ya bildirdi ki, gərginliyin əsas səbəbi Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasıdır: 

"ABŞ və Türkiyə  arasında soyuq küləklər əsir. Bunun əsas səbəbi təbii ki, Türkiyənin Rusiya ilə yaxınlaşmasıdır. Ancaq Türkiyə də öz növbəsində ABŞ-ın atdığı son addımlardan narazıdır. Belə ki, ABŞ Suriyada PKK-nın bir qolu olan PYD-ə yardım göstərir, ordu qurur. Hansı ki, bu ordu gələcəkdə Türkiyə üçün çox ciddi problemlər yarada bilər. Bu nöqteyi-nəzərdən də Türkiyənin ABŞ və Avropa Birliyi ilə əlaqələri kəskinləşib. 

Digər tərəfdən Rusiya ilə Türkiyə arasında münasibətlər güclənir. Türkiyə silah arsenalını Rusiya hesabına doldurmağa çalışır. Bu da NATO tərəfindən narahatlıqla qarşılanır. Bir sözlə, Türkiyənin Qərb dövlətləri ilə münasibətlərində ciddi gərginliklər var". 

Son günlər Rusiya-Səudiyyə Ərəbistanı münasibətlərində də yaxınlaşma müşahidə olur. Bəs bu yaxınlaşmanın səbəbi nədir?

Politoloq bildirir ki, ərəblər həm dövlətlərarası münasibətləri yaxşılaşdırmağa, həm də İslam dünyasında liderliyi ələ almağa çalışır: 

"Səudiyyə Ərəbistanı yoxdan qazandığı pullarla külli miqdarda alış-veriş edir. 150 milyard dollara ABŞ-dan, 5 milyard dollar məbləğində silahı isə Rusiyadan almaq niyyətindədir. Ərəblərin məqsədi həm dövlətlərarası münasibətləri yaxşılaşdırmaq, həm də müsəlman dünyasında İranla rəqabətdə qalib gəlmək və liderliyi ələ almaqdır”.
 


www.ann.az

Xəbər lenti