"Moody's": Azərbaycanın kredit reytinqi ölkənin neft qiymətlərinə həssaslığını əks etdirir

Azərbaycanın "Ba2" reytinqi və "sabit" proqnozu ölkə iqtisadiyyatının, dövlət maliyyəsinin və bank sisteminin neftin qiymətindəki volatilliyə həssas olduğunu əks etdirir. 

"Report" xəbər verir ki, bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin "Azərbaycan hökuməti - "Ba2" reytinqi, "sabit" proqnoz, illik kredit reytinqinin təhlili" adlı illik hesabatında qeyd olunub.

Agentliyin baş vitse-prezidenti və hesabatı hazırlayan müəlliflərdən biri olan Kristin Lindou (Kristin Lindow) bildirib ki, "neftin qiymətindəki azalma hökumətə və xaricdən maliyyələşməyə təzyiq göstərərək Azərbaycanda uzunmüddətli durğunluğa gətirib çıxarıb. Dövlət maliyyələşməsinin ÜDM-in 90%-nə bərabər olan nəhəng dövlət fondu (ARDNF) tərəfindən dəstəklənməsinə baxmayaraq, neft qiymətlərinin azalmasının təsirini yumşaltmaq üçün yeridilən tsiklik maliyyə siyasəti üçün bu fondun vəsaitlərindən istifadə imkanları məhduddur".

"Moody's" 2017-ci ildə ardıcıl olaraq ikinci il Azərbaycan iqtisadiyyatının geriləyəcəyini proqnozlaşdırır. İlin ilk yarısında ÜDM 1,4% azalıb və bu göstərici ilin yekununda da eyni qalacaq.
Agentlik neftin qiytmətinin aşağı olması fonunda bank sektorunda yaranan gərginliyin kreditləşməni azaltmağa davam etdirdiyini bildirir. Bununla yanaşı qeyd olunur ki, tsiklik büdcə konsolidasiyası, sərt monetar siyasət və idarə olunan məzənnə siyasəti manatın öz bazar dəyərini tapmasına imkan vermir.

Hökumət və Mərkəzi Bank ötən il bank sektorunu möhkəmləndirməyə çalışıb və bu proses ÜDM-in 30%-i dəyərində başa gəlib. Buna əsas səbəb ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun restrukturizasiyası prosesi olub.

"Moody's" hesab edir ki, restrukturizasiyaya baxmayaraq, ABB hələ də aktivlərinin keyfiyyətinin artırlmasında və açıq valyuta mövqeyi səbəbindən mənfəətinin artırılmasında problemlərlə üzləşməkdə davam edəcək. Həmçinin Azərbaycanın bank sistemi bir müddət zəif qalmağa davam edəcək.

Azərbaycan hökumətinin zəmanət verdiyi borclar daxil olmaqla ölkənin ümumi borcu 2014-cü ildə ÜDM-in 14,4%-dən 2016-cı ildə 50,7%-ə çatıb. Buna səbəb manatın ucuzlaşması və dövlət zəmanəti ilə alınan borcların artması amili olub.

Zəif iqtisadi dinamikanı nəzərə alaraq neft qiymətlərinin 45-55 dollar/barel diapazonunda qalması şərtilə "Moody's" 2017-ci ildə büdcə kəsirinin ÜDM-ə nisbətini 2,9%, gələn il üçün isə 1,8% olacağını ehtimal edir.

Agentlik maliyyə gücünün zəifləməsi, iqtisadiyaytın və ixracın şaxələndirilməsinin olmaması, bank sektorunun zəif olmasının Azərbaycanın reytinqini artırmağa mane olan amillər olduğunu bildirir: "Əgər hökumətin maliyyələşmə balansındakı pisləşmə 2018-ci ildən sonra da davam edərsə, Azərbaycanın kredit reytinqi mənfi təzyiqlərlə üzləşməyə davam edəcək. Xüsusən də, buna bank sektorunda mümkün şoklar və büdcənin suveren fonddan asılılığı kimi amillər ciddi təsir edə bilər".

www.ann.az

Xəbər lenti