2017-ci ilin media mükafatı sahiblərinə təqdim edildi

2017-ci ilin media mükafatı sahiblərinə təqdim edildi
Demokratik İslahatlar Partiyası (DİP) "22 iyul – Milli Mətbuat Günü” münasibətilə Partiyanın təsis etdiyi "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı sahiblərinə təqdim edib.

Təqdimat məqsədilə geçirilən görüşdə partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir.

 "Müstəqil və demokratik Azərbaycanın qurulmasında, inkişafında jurnalistlərin də mühüm rolu var. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir” – deyə millət vəkili bildirib.

 Sonra o, müvafiq diplomları və mükafatı qaliblərə təqdim edib.

"Sputnik Azərbaycan” BİA-nın əməkdaşı Ülkər Abdullayeva publisistik yazılarına, "Azadinform” İA-nin əməkdaşı Leyla Məhərrəmova ölkənin siyasi gündəmini obyektiv və operativ işıqlandırdığına görə 2017-cı ilin mükafatını qazanıblar.

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
 



www.ann.az

Xəbər lenti